Neftin qiyməti proqnozları üstələyir - Azərbaycan nə qazanacaq?

Neftin qiyməti proqnozları üstələyir - Azərbaycan nə qazanacaq?
Kateqoriya məlum deyil
T

Qlobal neft bazarlarında tələb-təklif nisbətinin pozulması bütün neft markalarının, o cümlədən Azərbaycanın ixrac etdiyi neftin də dəyərinin xeyli yüksəlməsinə səbəb olub. Yeni bahalaşma dalğasının təsiri ilə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti artıq 107 dolları ötüb.

Sfera.az bildirir ki, 2026-cı ildə neft qiymətlərinin bu həddə çatması Azərbaycan üçün gözlənilməz olub.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində və Dövlət Neft Fondunun büdcəsində gəlirlər proqnozlaşdırılan zaman neftin ortaillik qiyməti 65 dollar səviyyəsində götürülüb. Proqnozlarda neft qiymətlərinin bu səviyyədən çox uzaqlaşmayacağı təxmin edilirdi. Amma faktiki vəziyyət onu göstərir ki, 2026-cı ildə Azərbaycanın ixrac etdiyi neftin qiyməti proqnozdan xeyli yüksək olacaq.

2026-cı ilin birinci yarısının məlumatlarına əsasən, faktiki ixrac qiyməti 94,5 dollar təşkil edib. Bu, proqnozdan 30 dollar (46 faiz) yüksəkdir.

Ehtimal edilir ki, 2026-cı ilin ikinci yarısında da neftin qiyməti proqnozu xeyli üstələyəcək.

Bəs neftin bahalaşmasının Azərbaycana faydası nə olacaq?

Qlobal bazarlarda neftin bahalaşması Azərbaycan iqtisadiyyatını birbaşa stimullaşdırır, dövlət büdcəsini, Dövlət Neft Fondunun ehtiyatlarını və milli valyutamızın sabitliyini eyni vaxtda gücləndirir. İqtisadi hesablama modelləri göstərir ki, neftin ortaillik qiymətinin proqnozlaşdırılandan hər 10 dollar yüksək olması Azərbaycanın maliyyə sisteminə illik təxminən 800 milyon - 1 milyard dollar civarında plandankənar əlavə kapital axını təmin edir.

Bu əlverişli konyuktur ilk növbədə dövlət büdcəsinə birbaşa töhfə verir. Çünki büdcə gəlirlərinin 42,6%-i (16 milyard 435 milyon manat) neft-qaz sektorunun payına düşdüyü üçün qiymət artımı hasilatın təbii şəkildə azalmasından doğan riskləri tamamilə kompensasiya edir. İlin birinci yarısında təkcə xarici konsorsiumlardan (BP və tərəfdaşları) toplanan mənfəət vergisi 934,7 milyon manat təşkil edərək yarımillik proqnozu üstələyib.

Qeyd edək ki, neftin bahalaşması təbii qazın da qiymətini artırır. Bu təsir tədricən baş verir və biz təbii qazın dəyərindəki artımı ilin ikinci yarısında müşahidə edəcəyik. Hökumətin proqnozuna əsasən, qazın bahalaşması hesabına "Şahdəniz" yatağının illik vergi ödənişləri 400 milyon manat artaraq 2 milyard manata çatacaq.

Deməli, neftin bahalaşması xarici neft və qaz konsorsiumularının dövlət büdcəsinə daha çox mənfəət vergisi ödəməsinə səbəb olur.

Bahalaşan neft Dövlət Neft Fondunun ehtiyatlarına da birbaşa xeyir verir. 2026-cı ildə Fondun ümumi aktivləri illik müqayisədə 9% artaraq 72 milyard 596 milyon dollarlıq rekord həddə çatıb. Eyni zamanda təkcə ilin ilk yarısında fondun neft və qaz satışından əldə etdiyi xalis gəlir 4 milyard 4953 milyon manata bərabər olub.

Aktivlərin bu sürətlə böyüməsi həm gələcək nəsillərin kapitalını artırır, həm də milli iqtisadiyyatın xarici qlobal şoklara qarşı müdafiə qalxanını gücləndirir.

Neftin baha olmasının ən sadə və gündəlik həyata təsir edən faydası isə manatın sabit qalmasıdır. Ölkəyə çoxlu dollar daxil olduğu üçün valyuta bazarında heç bir qıtlıq yaşanmır. Dövlət Neft Fondu hərraclarda bankların dollar tələbini tam qarşılayır. Dollar bol olduğu üçün manatın ucuzlaşması (devalvasiya) qorxusu və psixoloji gərginlik də aradan qalxır. Bu psixoloji dəyişiklik Azərbaycanda dollara olan tələbi də zəiflədir.

Biz bunu valyuta hərraclarında dollar alışının azalmasında görürük. 2026-cı ilin əvvəlindən hərraclarda dollar təklifi dollar alışından xeyli çox olduğundan ölkəmizdə xarici valyuta bolluğu yaranıb. Belə vəziyyətdə Azərbaycan Mərkəzi Bankı əlavə vəsaitləri almaq hesabına öz valyuta ehtiyatlarını kəskin artırıb. 2026-cı ilin ilk 8 ayının nəticələrinə görə, Mərkəzi Bankın ehtiyatları alışlar hesabına 11,5 milyard dollardan 15,3 milyard dollara yüksəlib.

Neftin bahalaşması Azərbaycanın tədiyyə balansına birbaşa və kəskin müsbət təsir göstərir, cari əməliyyatlar hesabında irihəcmli profisit (artıqlıq) yaradır. Azərbaycanın ümumi ixracının 90%-ə yaxınını neft, qaz və neft məhsulları təşkil etdiyi üçün qlobal bazarlarda enerji daşıyıcılarının qiymət artımı ölkəmizin ixracının artmasına və bununla da beynəlxalq maliyyə öhdəliklərinin balansının tamamilə müsbət zonaya keçməsinə imkan verir.

Neftin bahalaşmasının dolayı təsirləri də güclüdür. "Qara qızıl" bahalaşanda bütün məhsulların maya dəyəri yüksəlir və bunun hesabına qiymət səviyyəsi artır. İnflyasiyanın yüksəlməsi dövlət büdcələri üçün faydalıdır. Bu halda iqtisadiyyatın nominal dəyəri böyüyür və büdcəyə vergilər yolu ilə daha çox vəsait toplamaq olur.

Beləliklə, neftin bahalaşması bir çox cəhətdən ölkəmiz üçün faydalıdır. "Qara qızıl"ın dəyərinin xeyli artması Azərbaycanın makroiqtisadi sabitliyinin təmin edilməsi, məzənnə sabitliyinin güclənməsi, ixracın artırılması, dövlət büdcəsinin, Dövlət Neft Fondunun gəlirlərinin artmasına birbaşa təsir gücünə malikdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR