Mərkəzi Bank böyük həcmdə dolla alıb: İnflyasiya gözlənilir?

Mərkəzi Bank böyük həcmdə dolla alıb: İnflyasiya gözlənilir?
Kateqoriya məlum deyil
T

2026-cı ilin avqust ayında Azərbaycan Mərkəzi Bankı (AMB) böyük həcmdə dollar alıb.

Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin avqust ayında valyuta bazarından təxminən 1,5 milyard ABŞ dolları alıb. Bu, Mərkəzi Bankın son illərdə həyata keçirdiyi ən böyük həcmli valyuta alışlarından biri hesab olunur.

Nəticədə AMB-nin valyuta ehtiyatları 15,3 milyard dolları ötüb.

Qeyd edək ki, AMB son vaxtlar valyuta bazarında təklifin tələbi xeyli üstələdiyini bildirib.

Buna görə də AMB bazarda formalaşan izafi xarici valyutanı almağa məcbur qalıb. Həmçinin, AMB xarici valyuta alan zaman dövriyyəyə əlavə manat kütləsi də buraxır.

Bu, Azərbaycanda inflyasiya tempinin yüksəlməsinə kömək edirmi?

Bu haqda Sfera.az-a açıqlama verən Liberal iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, nəzəri olaraq AMB-nin dollar alması inflyasiyaya müəyyən əlavə təzyiq yarada bilir:

“Çünki Mərkəzi Bank xarici valyuta aldıqda bunun qarşılığında bazara manat daxil olur və əgər həmin manat likvidliyi digər alətlərlə sterilizasiya edilməsə, pul kütləsi arta bilər. Bu da tələbi gücləndirərək qiymətlərə təzyiq yarada bilər. Amma burada vacib məqam odur ki, 1,5 milyard dollar alış avtomatik olaraq 1,5 milyard dollarlıq inflyasiya effekti demək deyil. AMB özü bildirir ki, aldığı valyutanın hamısını və ya bir hissəsini sonradan bazara qaytara bilər və likvidliyin idarə olunması üçün monetar alətlərdən istifadə edir”.

İqtisadçı hazırda valyuta alışının əsas səbəbinin dollar qıtlığı yox, əksinə, valyuta təklifinin tələbi üstələməsi olduğunu açıqlayıb:

“Yəni AMB bazardakı artıq dolları alaraq həm manatın həddindən artıq möhkəmlənməsinin qarşısını alır, həm də valyuta ehtiyatlarını artırır. Avqustun sonunda ehtiyatlar 15,3 milyard dollara çatıb. Ona görə də əsas risk alışın özündən çox, dövriyyəyə daxil olan manatın sonradan necə idarə edilməsidir. Əgər əlavə likvidlik iqtisadiyyatda qalır və kreditləşmə, istehlak və məcmu tələbi sürətlə artırsa, inflyasiya yüksələ bilər. Əksinə, AMB bu likvidliyi sterilizasiya edirsə, təsir xeyli məhdudlaşır. Hazırda illik inflyasiya 5,8 faizdir və AMB-nin hədəfi 4 faiz ±2 faiz bəndidir. Yəni sadə desək, AMB-nin dollar alması inflyasiya yaradan amil ola bilər, amma bu, avtomatik və birbaşa nəticə deyil, həlledici məsələ həmin alışın yaratdığı manat likvidliyinin sonradan necə idarə olunmasıdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR