Trampın qərarları oyun halında sayta yerləşdirildi

ABŞ prezidentinin administrasiyası Donald Trampın qərar və təşəbbüslərinə həsr olunan mini-oyunlar bölməsini Ağ Evin rəsmi internet səhifəsində istifadəyə verib.
Sfera.az xəbər verir ki, hazırda saytda istifadəçilər üçün beş mini-oyun təqdim olunur. Onlardan biri məşhur mobil oyun əsasında hazırlanmış “Uçan qanun layihəsi” adlı oyundur. Oyunda istifadəçi qanun layihəsini daşıyan ağbaş qartalı idarə edir. Qartal Ağ Evin sütunlarını xatırladan maneələrə toxunmadan irəliləməlidir. Digər oyun “Divarı tik” adlanır və məşhur “Tetris” oyununun mexanikasına əsaslanır. İstifadəçi blokları düzgün yerləşdirərək ABŞ-Meksika sərhədində divar inşa etməlidir. Oyunun məqsədi ərazini zombilərin hücumundan qorumaqdır.
“Rio boyunca qaçış” adlı başqa bir oyun isə “İlan” oyununun prinsipi əsasında hazırlanıb. Burada oyunçu Rio-Qrande çayı boyunca hərəkət edən obrazı idarə edir və miqrantları xatırladan fiqurları toplamalıdır. Saytda Tramp administrasiyasının səhiyyə təşəbbüslərinə həsr olunan oyunlar da yer alıb. “Təchizat xətləri” adlı oyunda istifadəçi konveyerdən zərərli qidaları çıxarmalı və onların məktəblərə çatmasının qarşısını almalıdır.
Oyunun şüarı ABŞ səhiyyə naziri Robert Kennedi tərəfindən təbliğ edilən “Amerikanı yenidən sağlam edək” kampaniyasına istinaddır. Digər oyun isə “Trampın qənaət imperiyası” adlanır. Oyunda istifadəçi Ağ Evin qarşısında yuxarıdan düşən əşyaları torla tutaraq pul qazanmalıdır. Ağ Evin məlumatına görə, daha bir mini-oyun üzərində iş davam edir. Onun nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb. Oyunlar Ağ Evin rəsmi X hesabında da təbliğ olunub. Paylaşılan videolarda mini-oyunlar “Sega”, “PlayStation” və “Nintendo” oyun konsollarının loqolarını xatırladan üslubda təqdim edilib.
Firuzə Əliyeva






