İnsan beyninin böyü sirri: Qərarları necə veririk?

ABŞ-də aparılan yeni araşdırma beynin qərarvermə mexanizmi ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına alıb.
Tədqiqatçılar beyində qərarların qəbuluna cavabdeh vahid “idarəetmə mərkəzinin” olmadığını, seçim hissinin duyğu, hərəkət və ətraf mühitlə qarşılıqlı əlaqənin nəticəsi kimi yarana biləcəyini müəyyən ediblər.
Sfera.az xəbər verir ki, İndiana Universitetinin Psixologiya və Beyin Elmləri Departamentindən professor Tom Ceyms insan beyninin “əvvəlcə qəbul et, sonra düşünərək qərar ver və sonda hərəkətə keç” prinsipi ilə işləyən xətti sistemə malik olmadığını irəli sürüb. Araşdırmada bildirilib ki, beyində duyğu və motor proseslərin konkret neyroloji qarşılığı mövcuddur. Lakin bu iki proses arasında müstəqil şəkildə fəaliyyət göstərən və bütün qərarları idarə edən vahid “qərarvermə mərkəzinin” mövcudluğu müəyyən edilməyib. Professor Tom Ceymsin sözlərinə görə, insan davranışları yalnız beynin verdiyi qərarlarla formalaşmır.
Bu prosesdə beyin, bədən və ətraf mühit arasında davamlı qarşılıqlı əlaqə mühüm rol oynayır. İnsanların davranışlarını adətən istək, inanc və niyyətlərə əsaslanan qərarların nəticəsi kimi qəbul etdiyini bildirən Ceyms qeyd edib: “Qərar vermək gündəlik həyatı və davranışları izah etmək üçün faydalı anlayışdır. Lakin beyində bu prosesi idarə edən vahid qərarvermə mərkəzi yoxdur”. Alim fikrini sadə robot sistemləri ilə də izah edib. Onun sözlərinə görə, yalnız ətrafını qəbul edən və hərəkət edə bilən robot belə divar boyunca hərəkət edərkən kənardan müşahidə edən şəxsə şüurlu qərarlar verirmiş kimi görünə bilər.
T.Ceyms vurğulayıb ki, belə robotun daxilində xüsusi qərarvermə mexanizmi yoxdur. O, sadəcə ətraf mühiti qəbul edir və buna uyğun reaksiya verir. “İnsan davranışları da buna bənzər şəkildə, mərkəzi nəzarətçi olmadan duyğu və motor sistemlərin qarşılıqlı təsiri nəticəsində meydana çıxa bilər”, - deyə alim bildirib. Mütəxəssislər hesab edirlər ki, beyində bütün qərarları idarə edən vahid “mərkəzi nəzarətçi” axtarmaq elmi baxımdan kifayət qədər doğru yanaşma deyil. Araşdırma nəticələri göstərib ki, gələcəkdə koqnitiv nevrologiya yalnız beyində baş verən zehni prosesləri deyil, bədənin və ətraf mühitin insan davranışlarına təsirini də daha geniş şəkildə nəzərə almalıdır.
Bəsti Rəfizadə






