Palçıq altında qalan şəhərlər: Nepalda 20 min ev tikiləcək

Palçıq altında qalan şəhərlər: Nepalda 20 min ev tikiləcək
Kateqoriya məlum deyil
T

Nepalda avqustun 26-da baş verən təbii fəlakət nəticəsində 20 minə yaxın evin yenidən tikilməsi, bəzi yaşayış məntəqələrinin isə daha təhlükəsiz ərazilərə köçürülməsi planlaşdırılır.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsinin ilkin qiymətləndirməsinə görə, təbii fəlakət nəticəsində ən azı 1 204 nəfər ölüb, 4 200-dən çox insan isə itkin düşüb.

Məlumata görə, avqustun 26-da buzlaqın çökməsi nəticəsində yaranan güclü sel buz, qaya parçaları və palçığı Nepalın Çinlə sərhəd bölgələrinə daşıyıb. Nəticədə yaşayış məntəqələri dağılıb, çoxsaylı evlər tamamilə yararsız vəziyyətə düşüb.

Qurumun rəhbəri Dharma Raj Upreti bildirib ki, ilkin hesablamalara əsasən, 7 500 ev tamamilə dağılıb və ya palçıq və dağıntılar altında qalıb. Ayaqda qalan evlərin də bir çoxunda yaşamaq mümkün deyil. Buna görə ümumilikdə təxminən 20 min evin yenidən tikilməsi gözlənilir.

Upreti qeyd edib ki, evlərin əvvəlki yerlərində bərpası məqsədəuyğun deyil. Çünki bu, əhalini gələcəkdə oxşar risklərlə üz-üzə qoya bilər. Hazırda yaşayış məntəqələrinin köçürülməsi üçün daha təhlükəsiz ərazilər müəyyənləşdirilir.

Baş nazir Balendra Şah isə hökumətin əsas diqqətini bərpa və yenidənqurma işlərinə yönəltdiyini bildirib. Bununla yanaşı, minlərlə itkin şəxsin axtarışı davam etdirilir.

Xilasetmə əməliyyatlarında iştirak edən ordu əməkdaşı bildirib ki, sağ qalanların hidrogüc layihələrinə aid tunellərdə ilişib qala biləcəyi ehtimalı ilə axtarışlar davam edir. Onun sözlərinə görə, sağ qalanlara ümid olduğu müddətdə əməliyyat dayandırılmayacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR