Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) keçmiş sədri Qaqik Xaçatryan həbs edilib.
Sfera.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib. Xaçatryan sentyabrın 1-də xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. İstintaq çərçivəsində Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli olduğu bildirilən təxminən 21 şirkətin ofis və filiallarında axtarış və digər prosessual tədbirlər həyata keçirilib. İstintaq Komitəsi daha sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.
Məhkəmə isə sentyabrın 2-də vəsatəti təmin edərək Qaqik Xaçatryanın iki ay müddətinə həbsinə qərar verib. Beləliklə, Ermənistanda yüksək vəzifə tutmuş keçmiş məmurla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir. Xaçatryana qarşı irəli sürülən ittihamların məhkəmə tərəfindən yekun qiymətləndirilməsi isə hələ qarşıdadır.
Bəsti Rəfizadə






