Piknikə gedənlər diqqət: Bu qidalar zəhərlənməyə səbəb ola bilər

Yay aylarında piknik süfrələrində qida təhlükəsizliyinə xüsusi diqqət yetirmək lazımdır. Mütəxəssislər xüsusilə ət, toyuq və süd məhsullarının isti havada uzun müddət açıqda saxlanılmasının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, isti havalarda açıq havada keçirilən pikniklər zamanı qidaların düzgün saxlanılması böyük əhəmiyyət daşıyır. Prof. dr. İsmail Yılmaz xüsusilə ət və toyuq kimi heyvan mənşəli məhsulların alındığı andan istehlak edilənədək soyuq zəncirin qorunmasının vacib olduğunu bildirib.
Mütəxəssis pikniklərdə ən çox seçilən qızartma məhsullarına da diqqətçəkərək, quş ətinin daha tez xarab ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu məhsullar buz akkumulyatorları və ya istiliyi keçirməyən xüsusi qablaşdırmalarla daşınmalı, bişirilənədək uyğun temperaturda saxlanılmalıdır.
İsti havalarda bişirilmiş yeməklərin uzun müddət açıqda saxlanılmasının riskli olduğunu vurğulayan Yılmaz, qidaların mümkün qədər tez istehlak edilməsini tövsiyə edib.
“Bişirilən qidaların mümkün qədər 45 dəqiqə-1 saat ərzində istehlak edilməsi, xüsusilə isti havalarda qida təhlükəsizliyi baxımından daha məqsədəuyğundur”, - deyə mütəxəssis bildirib.
Ayran və digər süd məhsullarının da isti havalarda daha tez xarab ola biləcəyi qeyd olunur. Bununla yanaşı, mütəxəssislər qidaların yalnız mikroorqanizmlər baxımından deyil, manqalda bişirilərkən yaranan tüstü baxımından da risk daşıdığını bildirirlər.
Xüsusilə yağlı ətlərin çoxlu tüstüyə məruz qalmasının bəzi zərərli birləşmələrin yaranmasına səbəb ola biləcəyi vurğulanır. Buna görə də qidaların birbaşa güclü alov və sıx tüstü ilə təmasından mümkün qədər uzaq tutulması tövsiyə edilir.
Mütəxəssislər bildirirlər ki, piknikin sağlamlıq probleminə çevrilməməsi üçün qidalar düzgün saxlanılmalı, kifayət qədər bişirilməli və uzun müddət gözlədilmədən istehlak edilməlidir.
Mənsumə






