Tramp: “İran anlaşma əldə etmək üçün yalvarır”

ABŞ Prezidenti Donald Tramp İranın “çökməkdə olan bir ölkə” olduğunu iddia edib. O, İranın ABŞ-la görüşmək və razılaşma əldə etmək üçün israr etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Donald Tramp sosial media hesabında “Fox News” müxbiri Conatan Hantın İranla bağlı hazırladığı xəbərə münasibət bildirib.
Tramp Hantın məlumatını “səhv” adlandıraraq, “Görüşmək istəyən mən deyiləm, onlardır. Hətta razılaşma əldə etmək üçün yalvarırlar”, - deyə qeyd edib.
ABŞ Prezidenti eyni gün jurnalistlərə açıqlamasında da Vaşinqtonun İranla görüşmək niyyətində olmadığını bildirib. O, İrana qarşı tətbiq edilən dəniz blokadası və iqtisadi sanksiyaların ölkəyə ciddi zərər vurduğunu iddia edərək Tehranın razılaşma əldə etmək üçün “yalvardığını” söyləyib.
Tramp Hörmüz boğazının açıq olduğunu desə də bölgədə gəmilərin qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan bu su yolundan keçməkdə tərəddüd etdiyi bildirilir.
İranın xarici işlər naziri Abbas Arakçi isə ABŞ-la diplomatik prosesin yenidən başlamasının “mümkünsüz olmadığını” bildirib. Onun sözlərinə görə, bunun üçün Vaşinqton İrana qarşı yanaşmasını dəyişməlidir.
“Baskı nəticə vermir. ABŞ etimad yaratmalı, hörmətlə danışmalı, hüquqlarımızı tanımalı və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”, - deyə Arakçi bildirib.
Arakçi bu açıqlamanı Tehranda Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşdən sonra verib. O, görüşü “konstruktiv” adlandıraraq ABŞ-la diplomatik əlaqələrin yenidən qurulmasının mümkün olduğunu vurğulayıb.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani də Tehrana səfəri zamanı İran və ABŞ-ı diplomatik prosesi yenidən başlatmağa çağırıb.
Qeyd edək ki, Qətər daha əvvəl də İran və ABŞ arasında yaranan gərginliklər zamanı diplomatik mesajların çatdırılması və tərəflər arasında əlaqələrin təmin edilməsində vasitəçi rolunu oynayıb.
Mənsumə






