Logo

3 milyon avroluq “Bugatti”si oğurlandı, özü “Porsche” ilə oğrunun arxasınca düşdü

3 milyon avroluq “Bugatti”si oğurlandı, özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Bugatti Rimac” şirkətinin rəhbəri Mate Rimacın Xorvatiyadakı müəssisəsinin ərazisindən təxminən 3 milyon avro dəyərində “Bugatti Chiron Sport” avtomobili oğurlanıb.

Sfera.az xəbər verir ki, bu barədə “Autoevolution” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 28-də baş verib. Şirkət rəhbərinin sözlərinə görə, 36 yaşlı şəxs müəssisəyə iş axtarmaq məqsədilə gəlib və ərazidə park edilmiş hiperkarı görərək onu qaçırıb.

Rimac etiraf edib ki, adətən avtomobillərini kilidləmir, açarları isə salonunda saxlayır. Şirkətin Xorvatiyanın Sveta Nedelya şəhərində yerləşən ərazisi də hasarlanmayıb və ziyarətçilər ora sərbəst daxil ola bilirlər.

Avtomobilin yoxa çıxdığını anlayan əməkdaşlar əvvəlcə onun həmkarlarından biri tərəfindən götürüldüyünü düşünüblər. Lakin sonradan oğurluq faktı üzə çıxıb. Hiperkarın hərəkətini izləmək üçün daxili telemetriya sistemindən istifadə edilib. Mühəndislər avtomobilin koordinatları, sürəti və yanacaq səviyyəsi barədə məlumatları polisə ötürüblər.

Oğru Sloveniya istiqamətində hərəkət etdikdən sonra Avstriya sərhədini keçib. Bu zaman Mate Rimac özü də “Porsche 911” avtomobili ilə onun arxasınca yola düşüb. Oğru yanacaqdoldurma məntəqəsində dayanaraq çənə yanacaq doldurub, lakin pul ödəmədən ərazidən uzaqlaşıb.

Axtarış əməliyyatına Xorvatiya, Sloveniya və Avstriya polisləri cəlb olunub. Nəticədə avtomobil Avstriyada, Qrats şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində saxlanılıb. Hadisə yerinə təxminən 10 polis avtomobili gəlib.

Rimac bir neçə saat polis bölməsində qalaraq avtomobilin ona məxsus olduğunu təsdiqləyib. Daha sonra şübhəli şəxslə də görüşüb. Şirkət rəhbəri həmin şəxsin ağır keçmişini öyrəndikdən sonra ona qarşı müəyyən rəğbət hiss etdiyini bildirib və rəsmi şikayət verməmək qərarına gəlib.

Bununla belə, bu qərar cinayət təqibinin aparılmasına mane olmaya bilər.

Oğurluq zamanı “Bugatti Chiron Sport”un kuzovunda yüngül zədələr yaranıb. Rimac onların aradan qaldırılmasının mümkün olduğunu deyib. Hadisədən sonra o, avtomobillərin açarlarını salonda qoymamağa söz verib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR