Smartfonların görünməyən zərərləri: Uşaqlarda bu bacarıqları zəiflədir

Smartfon və digər rəqəmsal cihazlardan uzun müddət istifadə insan orqanizminə gözlənilməz təsirlər göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə telefona uzun müddət başı önə əyərək baxmaq boyun və onurğaya ciddi yük salır. Bu vəziyyət zamanla boyun əzələlərində gərginliyə, ağrılara və duruş pozğunluğuna səbəb ola bilər.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, ekran qarşısında çox vaxt keçirmək görmə qabiliyyətinə və əzələ gücünə də mənfi təsir göstərir.
Xüsusilə uşaqlarda ekran vaxtının artması hərəkət bacarıqlarının zəifləməsi ilə əlaqələndirilir.
Mütəxəssislər uşaqların həm rəqəmsal cihazlardan istifadəsini məhdudlaşdırmağı, həm də fiziki fəaliyyətə daha çox vaxt ayırmasını tövsiyə edirlər.
Bununla yanaşı, gün ərzində kifayət qədər açıq havada olmamaq da göz sağlamlığı baxımından mənfi nəticələrə səbəb ola bilər. Mütəxəssislər xüsusilə uşaqların açıq havada daha çox vaxt keçirməsinin görmə qabiliyyətinin qorunmasına kömək edə biləcəyini bildirirlər.
Telefon istifadəsi zamanı düzgün duruşa diqqət yetirmək də vacibdir. Cihazın göz səviyyəsində və üzdən təxminən bir qol məsafəsində saxlanılması boyun nahiyəsinə düşən yükü azaltmağa kömək edə bilər. Ekran qarşısında uzun müddət fasiləsiz qalmaq əvəzinə mütəmadi olaraq ara vermək də tövsiyə olunur.
Mütəxəssislər gündəlik həyatda fiziki aktivliyi artırmağın vacibliyini vurğulayırlar. İdmanla məşğul olmaq, əl işləri görmək, yemək hazırlamaq, musiqi alətində çalmaq və əl ilə yazmaq kimi fəaliyyətlər həm əzələlərin, həm də motor bacarıqlarının qorunmasına kömək edə bilər.
Mütəxəssislər bunun üçün texnologiyadan tamamilə imtina etməyə ehtiyac olmadığını, əsas məqsədin rəqəmsal cihazlardan daha düzgün və balanslı istifadə etmək olduğunu bildirirlər.
İradə Elsevər






