Logo

Paşinyan: Ermənistanda yeni nüvə enerji bloku tikiləcək

Paşinyan: Ermənistanda yeni nüvə enerji bloku tikiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda mövcud Atom Elektrik Stansiyasının (AES) istismar müddəti başa çatdıqdan sonra onu əvəz edəcək yeni nüvə enerji blokunun tikintisi planlaşdırılır.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisinin Təhlükəsizliyi Şurasının iclasında çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, hakimiyyət 2027-ci ildə yeni enerji blokunun tikintisi ilə bağlı məsələdə artıq konkret qərara gəlməyi gözləyir. “Ermənistanda mövcud enerji blokunun istismardan çıxarılmasından sonra onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsi son dərəcə aktual və vacibdir. Bu, gələcəkdə ölkəmizin təhlükəsizliyini təmin etməyə imkan verəcək yeganə yoldur”, - Paşinyan qeyd edib. O, Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, enerji blokunun layihə üzrə istismar müddəti 2016-cı ildə başa çatıb və bundan sonra hökumət onun fəaliyyətini daha 10 il uzadıb.

Paşinyanın sözlərinə görə, əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq bir sıra texniki tədbirlər həyata keçirilib və proqram tam icra olunub. Baş nazir əlavə edib ki, hökumət beynəlxalq təcrübəni nəzərə alaraq, ikinci enerji blokunun istismar müddətini ikinci dəfə, yəni 2026-cı ildən 2036-cı ilədək uzatmaq qərarına gəlib. Bunun üçün əlavə texniki işlərin görülməsi nəzərdə tutulur.

O bildirib ki, Ermənistan hökumətinin 2023-cü ildə qəbul etdiyi 395 və 1597 saylı qərarlara əsasən, bu işlərə dövlət büdcəsindən 160 milyon dollar ayrılıb. Layihə üzrə işlərin təxminən 60 faizi artıq tamamlanıb, qalan hissəsi isə davam etdirilir. Paşinyan Ermənistan AES-in ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında və təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi rol oynadığını vurğulayıb. O, həmçinin nüvə energetikası sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunub. Baş nazir bildirib ki, beynəlxalq tərəfdaşlar uzun illərdir Ermənistanın atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasına dəstək göstərirlər və hökumət bu yardımı yüksək qiymətləndirir. Paşinyan yeni enerji blokunun tikintisi ilə bağlı yekun qərarın və növbəti addımların 2027-ci ildə daha aydın müəyyənləşəcəyinə ümid etdiyini bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR