Ayda nəhəng yeraltı tunellər aşkar edilib - FOTO
Ay səthinin altında nəhəng yeraltı tunellər aşkar edilib Ayın səthinin altında kilometrlərlə uzana biləcək dörd nəhəng yeraltı tunelin mövcudluğuna dair yeni sübutlar əldə edilib.
Sfera.az xəbər verir ki, kosmonavtlar Ayın cazibə qüvvəsindəki kiçik dəyişiklikləri təhlil edərək səthin təxminən 100 metr dərinliyində yerləşən dörd mümkün lava tunelini müəyyən ediblər. Bu tunellərin hər birinin eni bir kilometrdən çox ola bilər. Alimlər uzun müddətdir Ayın vulkanik fəaliyyəti nəticəsində səthinin altında böyük boşluqların və tunellərin yarandığını ehtimal edirdilər. Yeni araşdırma isə bu ehtimalı gücləndirən mühüm nəticələr ortaya qoyub. Çökmədən günümüzədək qorunub saxlanıldığı düşünülən bu strukturlar Ayın geoloji keçmişinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, gələcəkdə Ayda məskunlaşacaq astronavtlar üçün təbii sığınacaq rolunu oynaya biləcəyi də ehtimal olunur. Belə tunellər insanları kosmik radiasiyadan, eləcə də kəskin temperatur dəyişikliklərindən qoruya bilər. Lava tunelləri Yer kürəsində də mövcuddur. Onlar lava axınının üst hissəsinin soyuyaraq bərkiməsi, alt təbəqədəki ərimiş süxurun isə axmağa davam edərək boşluq yaratması nəticəsində formalaşır.
Lakin Ayda cazibə qüvvəsinin zəif olması, yüksək lava püskürmə sürəti və Ay lavalarının daha axıcı xüsusiyyətləri Yer kürəsindəki nümunələrdən daha böyük yeraltı strukturların yaranmasına şərait yaradıb. Ay səthindəki kanallar və tavanın çökməsi nəticəsində yarandığı ehtimal edilən dərin çökəkliklər də bu tunellərin mövcudluğuna dair ilkin əlamətlər hesab olunur. Alimlər tunelləri birbaşa müşahidə etmədən də onların mövcudluğunu cazibə qüvvəsindəki dəyişikliklər vasitəsilə müəyyənləşdirə bilirlər. Belə ki, boş tunelin yerləşdiyi ərazidə kütlə ətrafdakı bərk süxurlarla müqayisədə daha az olur.
Bu da həmin sahədə cazibə qüvvəsinin zəifləməsinə səbəb olur. NASA-nın 2011-2012-ci illərdə GRAIL missiyası çərçivəsində topladığı məlumatlara əsaslanan əvvəlki araşdırmalarda eni 9 kilometrə çatan mümkün tunellər müəyyən edilmişdi. Lakin sonradan məlum olmuşdu ki, bu qədər böyük boşluqların tavanı öz ağırlığına tab gətirə bilməz. NASA-nın 2025-ci ilin mayında yayımladığı daha yüksək dəqiqlikli cazibə qüvvəsi modelini araşdıran İllinoys-Çikaqo Universitetinin yer elmləri üzrə mütəxəssisləri Xuan Losarkos və Endryu Dombard dörd yeni tunel namizədi müəyyən ediblər. “Icarus” elmi jurnalında dərc olunan tədqiqata əsasən, namizədlərdən biri Ayın ən böyük dolanbac kanalı olan Vallis Şröteri yaxınlığında, digəri Rima Mairan bölgəsində, iki tunel isə Vullaston kraterinin ətrafında yerləşir. Hesablamalara görə, bu strukturların eni iki kilometrdən azdır və onlar təxminən 100 metr qalınlığında süxur təbəqəsinin altında yerləşir. Tədqiqatçılar tunellərin açıq lava axınlarının üzərinin soyuyaraq bərkiməsi nəticəsində deyil, yeraltı kiçik kanallardan keçən ərimiş süxurların ətrafdakı materialı əridib aşındırması ilə genişlənərək yarandığını düşünürlər.
Bəsti Rəfizadə
Sfera.az




