Dildə yaranan yaralar - Bu üsullar onlardan xilas olmağa kömək edir

Dil yaraları ağız boşluğunda ən çox rast gəlinən problemlərdən biridir. Bu problem dad, nitq, çeynəmə və udma kimi funksiyalara təsir göstərərək insanın gündəlik həyatına mənfi təsir edə bilər.
Bəs dil yaraları nədən yaranır, hansı vitamin çatışmazlığı buna səbəb olur və necə müalicə edilir?
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, dil yaralarının yaranmasına müxtəlif amillər səbəb ola bilər.
Bunlar arasında vitamin çatışmazlığı, infeksiyalar, balanssız qidalanma, hormonal dəyişikliklər, stress və ağız boşluğunun gigiyenasına düzgün əməl edilməməsi əsas yer tutur.
Xüsusilə B1, B2 və B12 vitaminlərinin çatışmazlığı ağız boşluğunda və dildə müxtəlif problemlərə yol aça bilər. B2 vitamini çatışmazlığı isə dilin qızarması, ağız künclərində yaraların yaranması, burun ətrafında quruluq və anemiya kimi hallarla müşayiət oluna bilər.
Dil yaraları müxtəlif formalarda özünü göstərə bilər. Ən çox rast gəlinənlər ağ və qırmızı rəngli aftoz yaralardır. Bundan başqa, qıcıqlanma nəticəsində yaranan kobud yaralar, tünd qırmızı və bənövşəyi rəngli yaralar da müşahidə edilə bilər.
Dil yaralarının əsas əlamətləri arasında ağrı və həssaslıq, rəng dəyişikliyi və yanma hissi yer alır. Xüsusilə yemək yeyərkən, su içərkən və danışarkən ağrı daha da arta bilər.
Bəzi hallarda dil yaraları öz-özünə sağalır. Ev şəraitində isə ilıq duzlu su ilə qarqara etmək və ağız gigiyenasına diqqət yetirmək müəyyən rahatlıq verə bilər. Lakin yaraların uzun müddət davam etməsi, tez-tez təkrarlanması, şiddətli ağrıya səbəb olması və ya rənginin dəyişməsi zamanı həkimə müraciət etmək vacibdir.
Dil yaralarının qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına diqqət yetirmək, balanslı qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Dişlərin mütəmadi fırçalanması və diş ipindən istifadə ağız sağlamlığının qorunmasına kömək edə bilər.
İradə Elsevər





