Əraqçi: "İran ABŞ ilə müvəqqəti atəşkəs yox, daimi sülh istəyir"

İran ABŞ-lə münaqişənin müvəqqəti atəşkəslə deyil, hərbi əməliyyatların birdəfəlik dayandırılması ilə başa çatmasını istəyir.
Sfera.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Tasnim” agentliyinə açıqlamasında bildirib.
Əraqçinin sözlərinə görə, İran ABŞ-lə dolayı danışıqlar zamanı vasitəçilərə Tehranın atəşkəsi qəbul etmədiyini çatdırıb.
“İran atəşkəsi qəbul etmir. Müharibə elə başa çatmalıdır ki, bir daha təkrarlanmasın”, – deyə nazir bildirib.
Əraqçi qeyd edib ki, Fars körfəzindəki hərbi qarşıdurma ABŞ-nin “hətta öz bazalarını belə qoruya bilmədiyini” göstərib.
Onun fikrincə, regionda sabitliyin təmin olunmasına yeni yanaşma kollektiv təhlükəsizlik və iqtisadi mübahisələrin qarşılıqlı həlli prinsiplərinə əsaslanmalıdır.
İnci
Sfera.az





