Rusiya Ukraynanın atəşkəs təklifini rədd etdi

Rusiya Ukrayna ilə Qara dənizdə atəşkəs elan edilməsi təklifini qəbul etməyib.
Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Qara dənizdə hərbi fəaliyyətlərin dayandırılması üçün əsas görmədiyini bildirib.
Zaxarova Türkiyənin hərbi fəaliyyətlərə moratorium tətbiq edilməsi təklifinə münasibət bildirərkən deyib ki, Rusiya mülki gəmilərə qarşı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə hücumlarından mütəmadi olaraq şikayətlənir. Onun sözlərinə görə, hazırda vəziyyətin yaxşılaşacağına dair heç bir əlamət yoxdur.
“Buna görə də Kiyev rejiminə yalnız müvəqqəti nəfəs alma imkanı verəcək yarımçıq tədbirlər üçün əsas görmürük”, – Zaxarova deyib.
Daha əvvəl Reuters Ukraynanın vasitəçi üzərindən Rusiyaya Qara dənizdə mülki hədəflərə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasını təklif etdiyini yazıb. Bildirilib ki, Moskva hələ bu təklifə cavab verməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiya və Ukraynaya Qara dənizdə atəşkəs mexanizmi yaratmaq çağırışı edib. Ankara kommersiya gəmilərinin təhlükəsiz hərəkəti üçün iki ayrı dəhlizin yaradılmasını da təklif edir.
Son aylarda Qara və Azov dənizlərində qarşılıqlı hücumlar intensivləşib. Ukrayna Rusiya gəmilərini PUA-larla hədəfə alarkən, Rusiya Odessa vilayətindəki limanlara və həmin limanlara daxil olan mülki gəmilərə zərbələr endirib.
Bu hücumlar bölgədə gəmiçilik və taxıl ixracına da ciddi təsir göstərib. Reuters-in məlumatına görə, Rusiyanın Qara və Azov dənizlərindəki terminallar vasitəsilə taxıl ixracı iyul ayında illik müqayisədə 22,8 faiz azalaraq 1,8 milyon tona düşüb.
Ukraynanın taxıl ixracı isə avqustun ilk iki həftəsində ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz azalıb.
Mənsumə






