Gecə oyananlar çətin yuxuya gedir - SƏBƏB

Gecə yuxudan qəfil oyanmaq bir çox insanın yaşadığı normal haldır. Mütəxəssisləri bildirirlər ki, sağlam yetkin insanlar gecə ərzində bir neçə dəfə oyanır və bu, əksər hallarda problem hesab edilmir.
Sfera.az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən yuxu üzrə mütəxəssis Stefani Romişevskinin sözlərinə görə, insanların gecə boyunca fasiləsiz yatmalı olduğu fikri doğru deyil.
Yuxu təxminən 90 dəqiqə davam edən dövrlər şəklində baş verir və bu dövrlər ərzində bir neçə dəfə oyanmaq mümkündür.
Mütəxəssislərin fikrincə, bu oyanışlar adətən cəmi bir neçə saniyə çəkir və insan səhər onları xatırlamaya da bilər.
Gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil etdiyi halda, səhərə yaxın yuxu mərhələləri daha da yüngülləşir. Bu səbəbdən səhər saatlarında kiçik səs-küy və digər amillər də insanın oyanmasına səbəb ola bilər.
Romişevskinin sözlərinə görə, əsas problem insanın tamamilə oyandığı və yenidən yata bilməyəcəyini düşünməyə başladığı zaman yaranır. Bu zaman narahatlıq artır və orqanizmdə oyanıqlığı dəstəkləyən kortizol hormonunun səviyyəsi yüksələ bilər.
Yuxu mütəxəssisləri gecə ərzində qısa müddətli oyanmaların təkbaşına narahatlıq doğurmadığını qeyd edirlər. Əsas məsələ bu oyanmaların uzun müddət davam etməsi və insanın yenidən yuxuya getməsinə mane olmasıdır. Belə hallarda yuxunun keyfiyyəti aşağı düşə, səhər saatlarında yorğunluq və diqqət dağınıqlığı yarana bilər.
İradə Elsevər






