“iPhone 18” çıxmamış “Apple” şok yaşadı: Şirkət “yox” dedi

“Apple” şirkəti “iPhone 18” seriyasının təqdimatına hazırlaşdığı bir vaxtda yaddaş tədarükü ilə bağlı çətinliklə üzləşib.
Sfera.az xəbər verir ki, şirkət yaddaş böhranını aradan qaldırmaq üçün Çinin “CXMT” şirkəti ilə LPDDR5X yaddaşlarının tədarükü barədə danışıqlar aparıb. Lakin “Apple”ın böyük həcmli sifariş qarşılığında endirim tələbi Çin şirkəti tərəfindən qəbul edilməyib.
“iPhone 18” seriyası və “iPhone Ultra” modelinin təqdimatına 6 həftədən az vaxt qaldığı bildirilir. Şirkət cihazlar üçün tələb olunan DRAM yaddaşının tədarükündə problem yaşayır.
“Apple” montajçı şirkətlərindən sifarişlərin hazırlanmasını sürətləndirməyi tələb edərkən, əsas tədarükçü kimi “Micron”un LPDDR5X yaddaşlarına güvənməkdə davam edir.

Çin şirkəti endirimə razılaşmadı
Yaddaş tədarükünün həcmini artırmaq istəyən “Apple” Çinli yaddaş istehsalçısı “CXMT” ilə LPDDR5X çiplərinin alınması üçün danışıqlar aparıb.
Məlumata görə, böyük həcmdə alış etməyi planlaşdıran “Apple” daha aşağı qiymət tələb edib. Lakin bazardakı güclü mövqeyini qoruyan “CXMT” bu təklifi rədd edib.
Çində süni intellekt laboratoriyaları və məlumat mərkəzlərinin yaddaşa olan yüksək tələbatı “CXMT”nin istehsal etdiyi məhsulların hamısını bazar qiymətinə satmasına imkan verir.
Bildirilir ki, Çin şirkəti “Apple”a xüsusi endirim etməkdənsə, məhsullar üçün tam qiymət ödəyən yerli müştərilərə üstünlük verir.
Yaddaş çatışmazlığının gələn il daha da dərinləşəcəyi gözlənilir. Bu vəziyyətin yaddaş istehsalçılarının bazardakı mövqeyini daha da gücləndirəcəyi proqnozlaşdırılır.
“CXMT”nin endirim tələbini rədd etməsindən sonra “Apple”ın yaddaşları standart bazar qiymətləri ilə almağa razı olub-olmadığı isə hələlik məlum deyil.
Mənsumə






