ABŞ İran iqtisadiyyatını çökdürür: Rial daha 25 faiz ucuzlaşacaq
ABŞ İran iqtisadiyyatına qarşı təzyiqləri artırmaqla rəsmi Tehranın həm iqtisadi imkanlarını məhdudlaşdırmağa, həm də siyasi mövqelərini zəiflətməyə çalışır. ABŞ maliyyə naziri Skott Bessent İran iqtisadiyyatının sürətlə zəiflədiyini və rialın 2027-ci ilin martınadək daha 25 faiz dəyər itirə biləcəyini bildirib.
İrana qarşı tətbiq olunan sanksiyalar və iqtisadi məhdudiyyətlər ölkənin xarici ticarətinə, xüsusilə enerji daşıyıcılarının ixracına maneələr yaradır. Vaşinqtonun əsas məqsədlərindən biri yaranmış iqtisadi təzyiq vasitəsilə İranı danışıqlar masasında ABŞ-nin şərtləri ilə razılaşmağa sövq etməkdir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, İranın hazırda blokada şəraitində olması və iqtisadi-ticarət fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılması ölkənin maliyyə imkanlarına mənfi təsir göstərir:
“Hətta enerji resurslarının ixracında da çətinliklərin yarandığı bildirilir ki, bu da İranın gəlirlərinin azalmasına və sosial-iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxarır. ABŞ-nin yaxın müddətdə bu siyasəti davam etdirməsi gözlənilir. Vaşinqton sanksiyaları qüvvədə saxlamaqla İranı güzəştlərə məcbur etməyə çalışır. Lakin bu strategiyanın nə dərəcədə nəticə verəcəyi hələ də sual altındadır”.

Ekspertin fikrincə, İran onilliklərdir müxtəlif sanksiyaların təsiri altında yaşasa da, iqtisadiyyatını bu məhdudiyyətlərə uyğunlaşdırmağa nail olub. O hesab edir ki, elə buna görə də yeni sanksiyalar ölkədə vəziyyəti daha da ağırlaşdıra bilsə də, onların Tehranın siyasi qərarlarına hansı səviyyədə təsir göstərəcəyi hələlik qeyri-müəyyəndir:
“Yekun olaraq, sanksiyalar İranın iqtisadi imkanlarını zəiflədərək ölkə daxilində sosial narazılığı artıra və hakimiyyət üzərində əlavə təzyiq yarada bilər. Lakin iqtisadi çətinliklərin avtomatik olaraq siyasi güzəştlərə gətirib çıxaracağını düşünmək doğru olmaz. Tehran üçün əsas məsələ iqtisadi itkilərlə siyasi mövqelərin qorunması arasında balans tapmaqdır. Bu baxımdan, qarşıdakı dövrdə ABŞ və İran arasında mümkün danışıqların nəticəsi yalnız sanksiyaların təsirindən deyil, tərəflərin qarşılıqlı güzəştə getmək istəyindən də asılı olacaq”.
İradə Elsevər






