“Apple” istifadəçilərinə pis xəbər

“Apple” sentyabr ayında keçirəcəyi “iPhone 18” təqdimatında bir sıra flaqman məhsullarının qiymətlərini artırmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, şirkət yay aylarında “Mac” və “iPad” modellərinin qiymətlərini artırdıqdan sonra növbəti bahalaşma dalğası smartfon, ağıllı saat və simsiz qulaqlıq modellərini əhatə edəcək.
Bildirilir ki, sentyabr təqdimatı ilə birlikdə ilk növbədə “iPhone 18” seriyasının qiymətlərində artım gözlənilir.
İddialara əsasən, yeni nəsil “iPhone 18 Pro” modelinin başlanğıc qiyməti hazırkı səviyyədən yüksələrək 1 299-1 399 ABŞ dolları arasında dəyişəcək.
Bundan əlavə, yeni modellərin təqdimatından sonra əvvəlki nəsil “iPhone”-ların qiymətlərinin ucuzlaşmayacağı, əksinə sabit qalacağı və ya cüzi bahalaşacağı proqnozlaşdırılır.
Məlumata görə, süni intellekt texnologiyalarına tələbatın artması nəticəsində yaranan yaddaş çipi çatışmazlığı səbəbindən “Apple Watch Series 12” və “Apple Watch Ultra 4” modellərinin də qiymətlərinin artırılması gündəmdədir.
Yaddaş komponentlərinin bahalaşmasından nisbətən az təsirlənən “AirPods” modelləri ilə bağlı isə hələlik yekun qərar açıqlanmayıb. Gözlənilir ki, bütün mümkün qiymət dəyişiklikləri sentyabr ayında keçiriləcək təqdimat zamanı elan ediləcək.
Mənsumə






