Yay tətilində şagidləri yükləmək doğrudurmu? - Ekspertdən AÇIQLAMA

Yay tətili məktəblilər üçün istirahət, fiziki və psixoloji cəhətdən bərpa dövrü hesab olunsa da, bu müddətdə tədrisdən tamamilə uzaq qalmağın və ya əksinə, uşaqları həddindən artıq dərs yükü ilə yükləməyin nə dərəcədə doğru olduğu hər il müzakirə olunan mövzulardandır.
Bir tərəfdən, mütəxəssislər uzun fasilə ərzində əldə olunan biliklərin unudulmaması üçün müəyyən təkrarların vacibliyini vurğulayırlar. Digər tərəfdən isə uşaqların istirahət hüququnun qorunmasının, onların psixoloji rahatlığının təmin edilməsinin ən az təhsil qədər əhəmiyyətli olduğu bildirilir.
Bəs yay aylarında uşaqların tədrisə cəlb olunması hansı hallarda məqsədəuyğundur? Tapşırıqların həcmi necə tənzimlənməlidir? Həddindən artıq dərs yükü uşaqların psixologiyasına və yeni tədris ilinə motivasiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, uşaqların yay tətilində tədrisə cəlb olunması məsələsi, əslində təhsil haqqında qanunda öz əksini tapır.

Onun sözlərinə görə, burada bütün uşaqların deyil, xüsusilə də orta ümumtəhsil məktəblərində "iki" alan şagirdlər nəzərdə tutulur. Yəni misal üçün, tutaq ki, məktəbli bir fəndən və yaxud da iki fəndən iki qiyməti alıbsa, həmin şagirdlər fənn müəllimləri ilə görüşür, yay tətili müddətində onlara proqram verilir:
“Həmin proqram istiqamətində hazırlaşır və tədris ili başlamadan öncə iki aldığı qiymətdən, yəni qeyri-məqbul aldığı qiymətdən artıq imtahanda iştirak edir. Və imtahan nəticəsinə əsasən də növbəti sinfə keçilməsi təmin olunur. Yəni bu istiqamətdə yay tətilində şagirdlərə tapşırıqların verilməsi təhsil haqqında qanunda da özünü əks etdirir, göstərir. Amma bununla yanaşı, ümumi olaraq şagirdlərə müəllimləri tərəfindən tapşırıqların verilməsi istəyə uyğun həyata keçirilə bilər. Yəni şagirdə çox yükləmədən, hər hansı bir istirahətini pozmadan müəyyən yüngül tapşırıqların verilməsi həyata keçirilə bilər. Bu da, əlbəttə ki, sinif rəhbərinin və yaxud da fənn müəlliminin şagirdi mütəmadi təqib etməsi, dərsləri ilə məşğul olması kimi xoş bir təəssürat formalaşdıra bilər. Amma qeyd etdiyim kimi, qətiyyən uşağı yormadan, istirahətini əlindən almadan yüngül tapşırıqlarla müəyyən qədər şagirdin yay tətilinin səmərəli keçməsinə köməklik göstərə bilərlər. Yəni burda icbarilik qətiyyən olmamalıdır. Məcburi hər hansı bir tapşırıqların verilməsi və yaxud da hər hansı bir kitabların aldırılması tələbi qətiyyən qoyulmamalıdır, könüllülük prinsipi əsasında bu həyata keçirilməlidir”.
Mütəxəssis vurğulayıb ki, çox təəssüflər olsun, bəzi hallarda müəllimlər tətil müddəində tədris prosesi davam edirmiş kimi davranırlar:
“Yəni bu şəkildə şagirdlərə yükləyirlər və şagirdlər də yay tətilində rahat bir istirahət eləyə bilmədən bu yükün altında əzilirlər, müəyyən qədər psixoloji gərginlik keçirirlər. Bu da istər-istəməz şagirdlərin həm təhsil prosesinə, həm də psixologiyasına mənfi təsir göstərir. Ona görə də müəllimlər yay tətili müddətində istər könüllü olsun, istər müəllimin özünün hər hansı bir proqramına əsasən qətiyyən şagirdə yüklənməsi doğru bir şey deyil. Şagirdin istirahət hüququdur, haqqıdır. Yəni dövlət şagirdin belə deyək, təhsil müddəti ərəfəsində ağır yükdə tədris prosesinə cəlb olunmasını diqqətə alaraq ona üç ay yay tətili verir. Biz də müəllim olaraq həmin şagirdin üç ay yay tətilini əlindən almış oluruq. Bu şəkildə yanaşma qətiyyən doğru deyil. Amma şagirdə incitmədən, yormadan qısa, yüngül tapşırıqlar vermək olar. Bədii əsərlərin oxutdurulmasına təşviq etmək olar.
Əgər aşağı siniflərdədirsə, nağıllar, hər hansı bir hekayələrin oxunması, Azərbaycan ədəbiyyatından, klassik ədəbiyyatdan müəyyən əsərlərin şagirdlərə yay tətili müddətində oxunması tövsiyə oluna bilər. Şagird istirahətə gedə bilər və istirahətdə bədii əsəri özü ilə aparar, bədii əsər oxuyar və yaxud da bununla yanaşı hər hansı qaydaların müəyyən qədər təkrarlanmasını, əzbərlənməsini təmin eləyə bilər. Ən çox arzu olunan yay tətili müddətində şagirdlərin bədii əsərlərin oxunmasına təşviq olunmasdır. Çünki şagird istər-istəməz bədii əsər oxuduğu təqdirdə həm söz ehtiyatı çoxalır, danışıq qabiliyyəti inkişaf edir, həmçinin də şagirdin intellektual səviyyəsi artmış olur”.
Firuzə Əliyeva
Sfera.az
