Avropada miqrasiya böhranı dərinləşir

Avropada qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət gərginləşməkdə davam edir. İtaliya İspaniyanın Şimali Afrikadakı ərazisi Seutaya miqrant axınından sonra tətbiq etdiyi sərhəd nəzarətinin müddətini daha 15 gün uzadıb.
Sfera.az xəbər verir ki, İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, qərar sərhəd təhlükəsizliyi üzrə aparılan təhlillərə əsaslanır. Onun sözlərinə görə, tədbirin tətbiqinə səbəb olan risklər hələ də davam edir. Nazir bunun son uzatma olacağına ümid etdiyini və İspaniya ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Xatırladaq ki, iyulun 30-31-də 800-dən çox qeyri-qanuni miqrant Mərakeşin Fnidek qəsəbəsi sahillərindən Seutaya üzərək keçməyə çalışıb. Hadisədən sonra İspaniya bölgədə təhlükəsizliyi gücləndirib və silahlı qüvvələri əraziyə yerləşdirib.
İspaniya hökuməti həmin dövrdə Seutaya dəniz və quru yolu ilə keçənlərin sayının 49 mindən çox olduğunu açıqlayıb. Bildirilib ki, onların demək olar ki, hamısı Mərakeşə geri qaytarılıb.
Miqrant axını fonunda İtaliya avqustun 1-dən İspaniya ilə sərbəst hərəkəti müvəqqəti dayandıraraq hava və dəniz yolu ilə gələn sərnişinlərə sərhəd nəzarəti tətbiq edib. İspaniya isə avqustun 7-də qarşılıq olaraq İtaliyadan gələn sərnişinlər üçün sərhəd nəzarətinin sentyabrın 7-dək davam edəcəyini açıqlayıb.
Mənsumə






