BMT məruzəçiləri Trampı qınadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akaneyə və məhkəmənin yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları qınayaraq onların təcili şəkildə ləğv edilməsinə çağırış edib.
Sfera.az xəbər verir ki, BMT məruzəçiləri ABŞ-nin BCM rəhbərliyinə qarşı sanksiyaları ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada ABŞ-nin avqustun 18-də BCM sədri Akane və məhkəmənin yüksək vəzifəli şəxslərindən biri olan Abdoulaye Seye barədə sanksiya qərarı qəbul etdiyi xatırladılıb. Bununla ABŞ-nin hazırda və ya əvvəllər vəzifədə olmuş ümumilikdə 11 BCM rəsmisinə qarşı sanksiya tətbiq etdiyi bildirilib.
BCM-yə üzv dövlətlərə məhkəməni qanunsuz müdaxilələrdən qorumaq üçün təcili və qətiyyətli addımlar atmaq çağırışı edilib:
“Dövlətlər bu tədbirlərin Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri, prokurorları və əməkdaşlarına təsirini azaltmaq üçün dərhal hərəkətə keçməlidir”.
BMT məruzəçiləri ABŞ-nin BCM sədri Akane və məhkəmənin yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaların təcili şəkildə ləğv edilməsini tələb edib.
Açıqlamada həmçinin BCM-nin və onun əməkdaşlarının mövcud təzyiqlərin öhdəsindən təkbaşına gələ bilməyəcəyi vurğulanıb:
“BCM və onun əməkdaşları bu güclü fırtınadan təkbaşına çıxa bilməz. Məhkəmənin qurum və bəşəriyyət üçün həyati əhəmiyyət daşıyan fəaliyyəti görünməmiş hücumla üz-üzədir”.
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanesiyə qarşı ABŞ tərəfindən tətbiq edilən sanksiyalar da qınanıb. Bildirilib ki, məsələ ilə bağlı ABŞ rəsmiləri ilə əlaqələr davam etdirilir.
BCM 21 noyabr 2024-cü ildə Qəzzada törədildiyi iddia edilən müharibə cinayətləri ilə bağlı İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb.
Bu qərardan sonra ABŞ 2025-ci ilin iyununda BCM-nin baş prokuroru Kərim Xan barədə sanksiya tətbiq edib. 2025-ci ilin avqustunda isə “İsrailə qarşı mövqeləri” əsas gətirilərək BCM-nin daha dörd əməkdaşı sanksiya siyahısına salınıb.
Vaşinqton avqustun 18-də qəbul etdiyi qərarla BCM-nin yapon hakimi və sədri Tomoko Akane ilə məhkəmənin yüksək vəzifəli şəxslərindən Abdoulaye Seye-ni də sanksiya siyahısına əlavə edib.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə BCM-ni tənqid edib və müttəfiq ölkələri məhkəmədən çıxmağa çağırıb.
İradə Elsevər
Sfera.az






