Laboratoriyada insan rüşeymi yaradıldı

Laboratoriyada insan rüşeymi yaradıldı
Kateqoriya məlum deyil
T

Kök hüceyrə texnologiyası və regenerativ təbabətdə inqilabi addım atılıb. Çinli tədqiqatçılar laboratoriya şəraitində daxili orqanların ilkin rüşeymlərini inkişaf etdirməyə qadir olan və insan rüşeyminin inkişafının ən sirli mərhələsini yüksək dəqiqliklə təkrarlayan yeni bir insan embrionu modeli yaratmağa nail olublar.

Sfera.az xəbər verir ki, biomühəndislik məhsulu olan bu modellərin 80%-dən çoxu inkişaf prosesini uğurla tamamlayaraq sinir sistemi, bağırsaq və ürək kimi həyati əhəmiyyətli orqanların ilk struktur elementlərini formalaşdırıb.

Tədqiqat çərçivəsində ilk dəfə olaraq uğurlu ürək döyüntüsü nümayiş etdirən hüceyrə öz-özünü daxildən qurmağa başlayıb.

Kök hüceyrələr nəzəri olaraq bədəndəki hər növ toxumaya çevrilmə (pluripotentlik) qabiliyyətinə malik olsa da, laboratoriyada bu çevrilmənin doğru zamanda və doğru məkanda baş verməsini təmin etmək indiyədək biologiyanın qarşısında duran ən böyük maneələrdən biri idi. Əvvəlki modellərdə hüceyrələr xaotik və idarəolunmaz şəkildə böyüyür, real insan embrionunun mütəşəkkil strukturunu əks etdirə bilmirdi.

Hazırlanmış bu yeni model isə hüceyrələrin təbii inkişaf ardıcıllığını fərdi şəkildə izləyərək bioloji prosesi real varianta ən yaxın formada simulyasiya edib.

Araşdırmanın mərkəzində insan inkişafında mayalanmadan sonrakı 14-21-ci günlər arasında baş verən və "qastrulyasiya" adlandırılan kritik mərhələ dayanır.

Qastrulyasiya birqatlı sadə hüceyrə strukturunun üçölçülü və çoxqatlı bir orqanizmə çevrildiyi dönüş nöqtəsidir.

Bu proses zamanı aşağıdakı 3 əsas toxuma qatı formalaşır:

Ektoderma: Sinir sistemi və dərini formalaşdırır.

Mezoderma: Əzələləri, sümükləri və ürəyi formalaşdırır.

Endoderma: Daxili orqanları və həzm sistemini formalaşdırır.

Elmi komanda bu mürəkkəb dövrü laboratoriyada canlandırmaq üçün fəza biologiyası (spatial biology) yanaşmasından istifadə edib. Bu metod hüceyrələrin təkcə hansı orqana çevriləcəyini deyil, həm də harada yerləşəcəyini və bir-birləri ilə necə qarşılıqlı əlaqəyə girəcəyini xəritələndirir. Doğru yerləşdirmə sayəsində orqanların inkişafını başladan təbii bioloji siqnallar öz-özünə aktivləşib.

Tədqiqatçılar laboratoriyada yetişdirdikləri bu yeni strukturlara "disk-gastruloid" adını veriblər.

Bu modellər embrionun istiqamətini və gələcək inkişaf planını müəyyən edən "ilkin zolaq" (primitive streak) bənzəri strukturları formalaşdıra bilib. İlkin zolağın ortaya çıxması ilə hüceyrələrin, eynilə real embrionda olduğu kimi, disk səthi boyu miqrasiya etdiyi (köçdüyü) müşahidə olunub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ