Abbas Əraqçi baş naziri “İlan” adlandırdı

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edərək, haqqında beynəlxalq axtarış qərarı olan İsrailin Baş naziri Binyamin Netanyahunun müxtəlif dillərdəki açıqlamalarını müqayisə edib.
Sfera.az xəbər verir ki, Əraqçi Netanyahuya ünvanlanan paylaşımında bildirib ki, İsrail Baş naziri ivrit dilində ABŞ administrasiyasının İsrail naminə İrana qarşı müharibəyə cəlb edilməsindən açıq şəkildə danışır.
“İvrit dilində Netanyahu ABŞ administrasiyasının İsrail naminə İrana qarşı müharibəyə cəlb edilməsini açıq şəkildə və qürurla etiraf edir. O, Amerika televiziyalarında 1000 saat efirə çıxaraq ABŞ-yə necə təsir etdiyini gülərək izah edir. İngilis dilində isə ABŞ Prezidenti Donald Trampın liderliyini tərifləyir”, - deyə Əraqçi qeyd edib.
İranlı nazir paylaşımının sonunda Netanyahuya “ilan” deyə xitab edib.
Qeyd edək ki, Netanyahu hökumətinə yaxınlığı ilə tanınan “Kanal 14” televiziyasına verdiyi müsahibədə İranla uzun illərdir mübarizə apardığını bildirib.
“Demək olar ki, 40 ildir İranla məşğulam. Təhlükəsizlik qurumumuzu İranla birbaşa qarşıdurmaya inandırmağım uzun vaxt apardı. Eyni zamanda ABŞ-ni də bu anlayışa gətirmək uzun çəkdi. Mən bunu bacardım, çünki Amerika televiziyalarında təxminən 1000 saat efirdə olmuşam”, - deyə Netanyahu bildirib.
Bəsti Rəfizadə






