Növbədə hansı ölkədir? - İranın hücum planları

Növbədə hansı ölkədir? - İranın hücum planları
Kateqoriya məlum deyil
T

İran müharibə başlayandan bəri bir neçə ölkəyə, xüsusən də qonşularına raket və ya dron hücumları həyata keçirib. Müharibənin hələ bir müddət də davam edəcəyini nəzərə alsaq, İranın bundan sonra daha hansı ölkələrə hücum edə biləcəyi maraq doğurur.


Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında bildirib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi tərəfindən səsləndirilən “uzunmüddətli qarşıdurmaya hazırıq” mesajı Tehran rəhbərliyinin mövcud gərginliyi qısamüddətli hərbi epizod kimi deyil, daha geniş və mərhələli qarşıdurma kimi nəzərdə tutduğunu göstərir:


“Belə bəyanatlar adətən həm daxili auditoriyaya, həm də rəqiblərə yönəlmiş siqnal xarakteri daşıyır. Regiondakı mövcud geosiyasi vəziyyət nəzərə alındıqda, İranın mümkün hədəfləri özünün strateji rəqiblərinin yerləşdiyi və ya təsir dairəsinin güclü olduğu ərazilərlə bağlı ola bilər. Bu kontekstdə xüsusilə Körfəz regionunda ABŞ-ın hərbi infrastrukturu yerləşən ölkələr — məsələn, Bəhreyn, Küveyt və ya Qətər kimi dövlətlər potensial risk zonası hesab edilir”.

 


Siyasi şərhçi digər ehtimalın isə İranın dolayı təsir mexanizmlərini genişləndirməsi olduğunu əlavə edib:


“İran uzun illərdir regionda “proksi qüvvələr” vasitəsilə təsir göstərmək strategiyasından istifadə edir. Bu baxımdan Yaxın Şərqin müxtəlif nöqtələrində — xüsusilə İraq, Suriya və Yəməndə fəaliyyət göstərən silahlı qruplar vasitəsilə təzyiqin artırılması ehtimalı daha real ssenari ola bilər. Bu model İran üçün həm hərbi riskləri azaltmağa, həm də münaqişəni daha geniş coğrafiyada yaymağa imkan verir. Yaxın Şərq və ətraf regionlarda təhlükəsizlik mühitinin bir müddət daha gərgin qalacağı proqnozlaşdırılır”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ