Vətəndaşlar dollarlarını manata çevirir – SƏBƏB NƏDİR?
Azərbaycanda valyuta bazarında diqqətçəkən vəziyyət müşahidə olunur. Xarici valyuta təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, nağd valyuta bazarında təklif tələbdən 3 dəfə çoxdur. 2026-cı ilin ilk doqquz ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı xarici valyutanın həcmi satdığı valyutanı 759 milyon ABŞ dolları üstələyib.
Eyni zamanda, nağdsız valyuta bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tələb 3 faiz azaldığı halda, təklif 44 faiz artıb.
Bəs vətəndaşların və sahibkarların xarici valyutanı almaq əvəzinə daha çox satmasının əsas səbəbləri nələrdir? Bu tendensiya iqtisadiyyatda hansı proseslərdən xəbər verir?
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, xarici valyuta satışlarının yüksək olmasının üç əsas səbəbi var. Onun sözlərinə görə, ilk səbəb iqtisadi aktivliyin zəifləməsi və idxalın azalmasıdır:

“İqtisadi aktivlik aşağı düşdükdə idxal da azalır. Çünki insanlar müəyyən məhsullar istehsal etmək, onları satmaq və ya özləri istifadə etmək üçün iqtisadi fəaliyyətlə məşğul olurlar. İqtisadi aktivliyin zəifləməsi isə idxalın həcminə də təsir göstərir. Nəticədə xarici valyutaya tələbat azalır”.
İqtisadçı ikinci səbəbin turizm sektorundakı göstəricilərlə bağlı olduğunu qeyd edib:
“Bu ilin doqquz aylıq statistik göstəricilərinə əsasən, ölkədən xaricə gedən turistlərin sayı təxminən 1,6 faiz azalıb. İnsanlar xaricə səfər edərkən orada xərcləmək üçün xarici valyuta alırlar. Xaricə gedən turistlərin sayının azalması da valyutaya tələbatın aşağı düşməsinə səbəb olur. Ölkəyə gələn turistlərin sayında isə daha böyük azalma müşahidə edilib. Belə ki, ölkəyə gələn turistlərin sayı 6 faiz azalıb”.
X.Kərimli üçüncü və əsas amillərdən birinin manata olan etimadın artması olduğunu vurğulayıb:
“Neft qiymətlərinin yüksək olması insanların manata, manatla depozitlərə və əmanətlərini milli valyutada saxlamağa marağını artırıb. Depozitlərin strukturunda dolların payı son bir il ərzində azalaraq 25 faizə qədər geriləyib. Halbuki bir neçə il əvvəl dollarla depozitlərin payı 40 faizdən çox idi. Hazırda isə bu göstərici 25-26 faiz arasında dəyişir. Bu da manata olan etimadın artdığını göstərir. Nəticədə insanlar əvvəlki qədər dollar almırlar. Əksinə, ehtiyac yarandıqda əllərində olan dolları sataraq manata çevirirlər”.
Şahanə Ziyad






