Logo

Tramp Konqresdəki məğlubiyyətdən sonra İranla nə edəcək? - AÇIQLAMA

Tramp Konqresdəki məğlubiyyətdən sonra İranla nə edəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresə aralıq seçkilərindən sonra İrana qarşı atılacaq növbəti addımlarla bağlı fikir ayrılıqları dərinləşib.

ABŞ administrasiyasının bəzi nümayəndələri Trampı İrana yeni zərbələr endirməyə, daha sonra isə münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa çağırırlar. Digər rəsmilər isə hərbi əməliyyatı vaxtında dayandırmağın və gərginliyin daha da artmasına yol verməməyin vacib olduğunu düşünürlər.

Maraqlıdır, Tramp təkliflərdən hansına gedəcək? Bu xüsusda Konqresin narazılığını nəzərə alacaqmı?

Bu barədə siyasi şərhçi Aydın Quliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu gün İran-Amerika müharibəsində İranın mövqeyi Amerikanın mövqeyi ilə müqayisədə daha aydın və perspektivlidir:

Tramp Konqresdəki məğlubiyyətdən sonra İranla nə edəcək? - AÇIQLAMA

“İran hücumun nə vaxt baş verəcəyini və hücumları necə dəf edəcəyini gözləyərək, buna hazırlıq görməklə məşğuldur. Hələlik İranın qlobal miqyasda, yaxud coğrafi məhdudiyyət olmadan Amerikaya qarşı hərbi əməliyyatlar aparmaq kimi bir planının olduğunu görmürük. Amma Amerika seçkilərdə məhz İran müharibəsi üzündən məğlub olan Tramp üçün olduqca düşündürücü bir mövqedədir. Eyni zamanda, Amerikanın indiki mövqeyi qeyri-müəyyəndir. Çünki Tramp İran müharibəsi ucbatından məğlub olduğu seçkidən sonra İrana qarşı hansı siyasəti aparacağını hələ dəqiq şəkildə konkretləşdirməyib”.

Ekspert bildirib ki, Trampın indiki vəziyyətində istənilən strateji düşüncəyə malik şəxs, dövlət başçısı İranla hərbi əməliyyatların bərpasına getməz:

“İlk növbədə ona görə ki, yəqin ki, Trampın da ətrafında hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə nələrin baş verəcəyini ona izah edə bilən strateji düşüncəli insanlar var. Hərbi əməliyyatların yenidən bərpası Tramp üçün olduqca mürəkkəb və çətin reallıqlar yarada bilər. İndiyə qədər hərbi əməliyyatların aparılmış mərhələləri heç bir praktik nəticə ortaya qoymayıb. Bundan sonra da əməliyyatların davam etdirilməsinin İran üzərində hansısa qətiyyətli qələbəyə gətirib çıxaracağına əsas və ümid yoxdur. Eyni zamanda, Tramp müharibəni davam etdirərsə, bu, indiyə qədər onun ölkədəki daha geniş sosial dayaqlarına zərbə vurduğu kimi, bundan sonra hətta öz partiyasının daxilində də dayaqlarını əhəmiyyətli dərəcədə sarsıda bilər. Yəni respublikaçılar Trampın ucbatından ölkədəki seçki sistemində nüfuzlarını və güclərini xeyli dərəcədə itiriblər. Aydındır ki, Respublikaçılar Partiyası siyasətdən getmək niyyətində deyil.

Vəziyyət onlar üçün nə qədər əlverişsiz olsa da, 2028-ci il seçkilərində Trampdan fərqli, başqa bir namizədlə iştirak etmək haqqında düşünürlər. Belə şəraitdə Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsi respublikaçıların 2028-ci il prezident seçkilərində qalib gəlmək şanslarını, onsuz da qalan azsaylı imkanlarını da xeyli dərəcədə azalda və ya tamamilə aradan qaldıra bilər. Ona görə də Tramp İrana qarşı müharibəni davam etdirəcəyi təqdirdə, onun öz partiyasında Trampa qarşı ittihamlar güclənəcək, partiyadan istefalar baş verə bilər. Trampa qarşı üsyançılıq, yəni partiya daxilində üsyan adlandırılan bir proses başlaya bilər. Bu səbəbdən Trampın İrana qarşı hərbi əməliyyatlara başlaması o qədər də real görünmür. Çox güman ki, o, kiçikmiqyaslı nöqtə zərbələri ilə yanaşı, diplomatik danışıqlar variantına üstünlük verəcək. Diplomatik danışıqların isə heç bir nəticə verməyəcəyi indidən bəllidir. Ona görə də Tramp İranla danışıqlar imitasiyası altında nə sülh, nə də müharibə vəziyyətini, ən azı hakimiyyətdə olacağı iki il müddətində uzatmaq niyyətindədir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR