Regionda yeni böhran: Trampın kürd planı

ABŞ Prezidenti Donald Tramp kürd döyüşçülərin İranın qərb bölgələrinə quru hücumu həyata keçirməsini dəstəklədiyini bildirib və bunun üçün onlara hava dəstəyi veriləcəyini vurğulayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Telegraph” yazıb.
Tramp ABŞ və ya İsrail hərbçilərinin birbaşa iştirakından fərqli olaraq, ABŞ silahları ilə təmin edilən və əsasən İran kürdlərindən ibarət proksi qüvvələrin rejimi devirməyə çalışmasının tərəfdarı olduğunu deyib:
“Onların bunu etmək istəməsi möhtəşəmdir, mən bunu tam dəstəkləyərəm”.
Məlumata görə, hücumun məqsədi İran daxilindəki kürd bölgələrində əraziləri nəzarətə götürərək rejimə meydan oxumaq və daha geniş xalq üsyanına təkan verməkdir.
İranın cavabı və risklər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, “istənilən terror və ya separatçı fəaliyyət beşiyindəcə boğulacaq”. Buna baxmayaraq, kürd separatçı qruplar hücumlar təşkil edərək rejim qüvvələrini qərbə cəlb edə, təhlükəsizlik resurslarını yayındıra və onları ABŞ - İsrail hava zərbələrinə açıq hədəfə çevirə bilər.
Şimali İraqın dağlıq ərazilərində yerləşən kürd qüvvələri İranın kürdlərin çoxluq təşkil etdiyi qərb bölgələri ilə təxminən 1000 millik sərhəd boyunca hücum üçün əlverişli mövqedədir.
Planın qeyri-müəyyənliyi
Trampın indiyədək İran rejimini dəyişdirmək üçün konkret planı olmadığı, əsasən rəhbərliyi məhv etmək və xalqı üsyana çağırmaq strategiyası ilə kifayətləndiyi qeyd olunurdu. Bu açıqlamalar isə ABŞ-ın müharibəni necə bitirmək barədə düşüncələri ilə bağlı ilk siqnallar kimi qiymətləndirilir.
Bəzi məlumatlarda quru əməliyyatının başladığı iddia edilsə də, İran və İraq kürd rəsmiləri bunu təkzib edib. Ekspertlər hesab edir ki, bu xəbərlər Tehrana psixoloji təzyiq göstərmək məqsədi daşıyan informasiya müharibəsinin bir hissəsi ola bilər.
Kürdlərin mövqeyi
İraqın birinci xanımı Şənaz İbrahim Əhməd bildirib ki, kürdlər çox vaxt yalnız gücləri və qurbanlıqları lazım olanda xatırlanır:
“Kürdləri rahat buraxın. Biz kirayə silahlar deyilik”.
Kürd qüvvələrinin sayı ən yaxşı halda 1500 nəfərə qədər qiymətləndirilir. Analitiklər onların say və silahlanma baxımından İran rejiminin təhlükəsizlik aparatına uduzduğunu, yalnız asimmetrik müharibə taktikasında üstün ola biləcəyini bildirirlər.
Regional narahatlıqlar
Türkiyə: Qaçqın axını və öz kürd icmasına təsir ehtimalından narahatdır.
İraq: Neytral qalmaq niyyətindədir, lakin hər iki tərəfin hücumlarına məruz qala bilər.
İsrail: Kürd qrupları ilə uzun illərdir əlaqələr qurur, lakin öz əsgərlərini İran torpaqlarında riskə atmaq istəmir.
Analitiklərin fikri
Royal United Services Institute eksperti Burcu Özçelik hesab edir ki, xaricdən dəstəklənən kürd hücumları İran cəmiyyətində parçalanma qorxusunu gücləndirə və əksinə, rejim əleyhdarı iranlıları birləşdirə bilər:
“Rejim əleyhdarı olmaq o demək deyil ki, rejimə qarşı döyüşən hər hansı aktor öz maraqlarının təmsilçisi kimi qəbul ediləcək”.
Firuzə Əliyeva
Sfera.az
