Tehran özünü ifşa etdi - İranda idarəetmə pozulub

İranın Naxçıvana endirdiyi zərbədən sonra Tehranın verdiyi ziddiyyətli açıqlamalar ölkə daxilində qərarvermə mexanizminin nə qədər qarışıq və koordinasiyasız olduğunu bir daha ortaya qoyub. Hadisədən dərhal sonra İranın müxtəlif qurumları tərəfindən səsləndirilən bəyanatlar bir-birini təkzib etməyə başlayıb və nəticədə rəsmi Tehranın mövqeyi tamamilə qeyri-müəyyən görünür. Sfera.az bildirir ki, məsələ ondadır ki, əvvəlcə İran Silahlı Qüvvələrinin Baş Qərargahı Naxçıvana zərbə endirilməsi ilə bağlı yayılan məlumatları təkzib edərək belə bir hücumun həyata keçirilmədiyini iddia edib. Lakin bunun ardınca İran İnqilab Keşikçiləri Korpusuna bağlı media resursları və sosial şəbəkə kanalları əksinə, hücumların həyata keçirildiyini açıq şəkildə yazmağa başladılar. Bu isə eyni dövlətin müxtəlif strukturlarının bir-birinə zidd açıqlamalar verməsi deməkdir.
Bununla yanaşı, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məsələ ilə bağlı verilən suallara cavabında hadisədən xəbərsiz olduğunu bildirib. Diplomatik qurumun belə bir mövqedən çıxış etməsi isə vəziyyəti daha da mürəkkəbləşdirib. Çünki adətən belə hərbi insidentlərdə ölkənin siyasi və diplomatik rəhbərliyi hadisələrdən xəbərdar olur və vahid mövqe ortaya qoyur.
Bu ziddiyyətli açıqlamalar İranın dövlət strukturları arasında koordinasiyanın zəif olduğunu göstərir. Bir tərəfdən hərbi qurum hücumu inkar edir, digər tərəfdən hərbi-ideoloji strukturlara yaxın kanallar hücumu təsdiqləyir, diplomatik qurum isə hadisədən xəbərsiz olduğunu bildirir. Nəticədə rəsmi Tehranın mövqeyi bir neçə saat ərzində bir neçə dəfə dəyişən və bir-biri ilə uzlaşmayan bəyanatlarla müşayiət olunub. Belə mənzərə isə İranın regionda baş verən proseslər fonunda vahimə və qeyri-müəyyənlik içində hərəkət etdiyini göstərir. Çünki güclü dövlətlərdə belə hadisələr zamanı informasiya siyasəti adətən vahid mərkəzdən idarə olunur və rəsmi qurumların açıqlamaları bir-biri ilə uyğun olur. İranın hazırkı vəziyyətində isə əksinə, fərqli qurumların fərqli və bir-birinə zidd mövqeləri ortaya çıxıb.
Bütün bunlar onu göstərir ki, Tehran regionda baş verən gərgin proseslər fonunda həm siyasi, həm də informasiya baxımından vahid mövqe formalaşdırmaqda çətinlik yaşayır. İran 48 ilə yaxındır ki, eyni siyasi sistemlə idarə olunur və bu müddət ərzində ölkənin regional təsir imkanlarının əsasən hərbi güc və raket arsenalı üzərində qurulduğu tez-tez vurğulanıb. Lakin son hadisələr göstərdi ki, yalnız hərbi ritorika ilə regionda davamlı təsir imkanlarını qorumaq mümkün deyil.
Bəsti Rəfizadə
Sfera.az
