Televizora çox baxanları nə gözləyir?

Orta yaş dövründə uzun müddət televizora baxmaq gələcək illərdə beyin sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Alimlərin 20 ildən artıq davam edən yeni araşdırması göstərib ki, bu vərdiş beyin həcminin kiçilməsi, yaddaşın zəifləməsi və demensiya riskinin artması ilə əlaqəlidir.
Sfera.az xəbər verir ki, “Alzheimer və Demens” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, televizor qarşısında passiv şəkildə uzun müddət vaxt keçirmək beyin damarlarında zədələnmə riskini artırır və sonrakı yaşlarda koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilər.
Tədqiqat çərçivəsində orta yaşı 53 olan təxminən 1700 nəfər 20 ildən çox müddətdə izlənilib. İllər sonra aparılan maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri zamanı tez-tez televizora baxan insanların beyin həcminin nəzərəçarpacaq dərəcədə kiçildiyi müəyyən edilib.
Xüsusilə qərarvermə və vizual məlumatların emalına cavabdeh olan alın (frontal) və ənsə (oksipital) paylarının daha kiçik olduğu müşahidə olunub. Bundan əlavə, insult və koqnitiv geriləmə ilə əlaqələndirilən ağ maddə zədələrinin də bu şəxslərdə daha çox olduğu aşkarlanıb.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də masa arxasında oturaraq işləməyin televizora baxmaq qədər mənfi təsir göstərməməsi olub.
Mütəxəssislər müəyyən ediblər ki, iş zamanı diqqət, düşünmə və problem həll etmə kimi zehni fəaliyyətlər beyni aktiv saxladığı üçün masa arxasında çalışan iştirakçıların beyin payları daha böyük olub və onlarda ağ maddə zədələri daha az müşahidə edilib.
Araşdırma zamanı əldə edilən struktur beyin fərqlərinin kişilərdə qadınlarla müqayisədə daha qabarıq olduğu da bildirilib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, müntəzəm fiziki məşqlər belə televizor qarşısında uzun müddət passiv oturmağın beyinə mənfi təsirini tam aradan qaldırmır.
Onların sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün yalnız fiziki aktivlik kifayət deyil. Televizora baxmağa sərf olunan vaxtın azaldılması, bunun əvəzinə kitab oxumaq, sosial ünsiyyət qurmaq və yaradıcılıq tələb edən fəaliyyətlərlə məşğul olmaq tövsiyə edilir.
Mənsumə






