Bu ölkədə yeni sürücülərə qadağa tətbiq olunacaq

Belçika hökuməti sürücülük vəsiqəsini yeni alan şəxslərlə bağlı yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir.
Müzakirə olunan dəyişikliklərə əsasən, təcrübəsiz sürücülərin yüksək gücə malik avtomobilləri idarə etməsinə qadağa qoyula bilər.
Sfera.az xəbər verir ki, Belçikanın Mobillik, İqlim və Ətraf Mühitə Keçid naziri Jan-Lük Krük bu məsələ ilə bağlı ictimai müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildirib.
Nazirin sözlərinə görə, belə bir qərarın mümkün nəticələri ətraflı təhlil ediləcək. O vurğulayıb ki, əsas məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaq və ağır yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Yol hərəkəti təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Vias İnstitutunun məlumatına əsasən, 2025-ci ildə 25 yaşdan aşağı olan 4 600-dən çox sürücü yol qəzasına qarışıb. İnstitut gənc və təcrübəsiz sürücülərin yüksək performanslı avtomobillərdən istifadəsinin məhdudlaşdırılması üçün ən uyğun yanaşmanı müəyyənləşdirmək məqsədilə araşdırmalar aparacaq.
Qeyd edək ki, oxşar məhdudiyyətlər artıq bəzi Avropa ölkələrində tətbiq olunur. Belə ki, Fransa parlamenti iyul ayının sonunda yeni sürücülərin sürücülük vəsiqəsi aldıqdan sonra üç il ərzində yüksək performanslı avtomobilləri idarə etməsini qadağan edən qanun layihəsini təsdiqləyib. İtaliyada isə yeni sürücülərin güclü mühərrikli avtomobillərdən istifadəsi hazırkı qanunvericiliklə məhdudlaşdırılır.
Belçika hökuməti də bu təcrübələri nəzərə alaraq yol təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yeni qaydaların tətbiqini qiymətləndirir.
Mənsumə






