“WhatsApp”da yenilik: "@hərkəs" etiketini təqdim etdi

“WhatsApp” qrup söhbətlərində ünsiyyəti daha rahat və səmərəli etmək üçün bir sıra yeni funksiyaları istifadəyə verib.
Sfera.az xəbər verir ki, yeniliklər arasında @hamı etiketi, təkmilləşdirilmiş sorğular (anketlər) və bir toxunuşla yeni qrup yaratmaq imkanı yer alır. Şirkətin bildirdiyinə görə, bu funksiyalar qrup daxilində ünsiyyəti və qərarvermə prosesini xeyli asanlaşdıracaq.
Yenilənmiş sorğu sistemi sayəsində istifadəçilər artıq səsvermənin bitmə vaxtını müəyyən edə, səs verən şəxslərin adlarını gizlədə və yaradılmış sorğunu 15 dəqiqə ərzində redaktə edə biləcəklər.

Bundan başqa, təcili elanlar üçün nəzərdə tutulan @hamı etiketi vasitəsilə qrupun bütün üzvlərinə eyni anda bildiriş göndərmək mümkün olacaq. Bu bildirişlər hətta söhbəti səssizə alan istifadəçilərə də çatdırılacaq. Funksiya 32 nəfərdən çox üzvü olan qruplarda yalnız administratorlar üçün aktiv olacaq. İstifadəçilər istədikləri halda bu bildirişləri ayarlardan deaktiv edə bilərlər.
“WhatsApp”-ın təqdim etdiyi digər yenilik isə bir toxunuşla yeni qrup yaratmaq imkanıdır. Artıq istifadəçilər mövcud qrupdakı şəxsləri ayrı-ayrılıqda əlavə etmədən yeni qrup söhbəti yarada biləcəklər. Bu xüsusiyyət əsas söhbəti qarışdırmadan tədbirlər, layihələr və ya digər təşkilati məsələlər üçün ayrıca qrup yaratmağı daha rahat edəcək.
Mənsumə






