Televizoru açıq saxlamaq düşündüyünüzdən daha təhlükəlidir

Rəqəmsal platformaların sürətlə yayılması televizorları evlərdə əsas əyləncə vasitələrindən birinə çevirib. Bir çox insan gün ərzində saatlarla televiziya izləyir və ya cihazı istifadə etmədiyi halda belə açıq vəziyyətdə saxlayır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş həm cihazın istismar müddətini azalda, həm də elektrik enerjisi xərclərini artıra bilər.
Sfera.az xəbər verir ki, televizorların uzun müddət fasiləsiz işləməsi onların daxili elektron komponentlərinə əlavə yük yaradır. Enerji blokları, prosessorlar və dövrə lövhələri həddindən artıq qızdıqda zamanla performans zəifləyir, bəzi hissələrin daha tez sıradan çıxması riski artır. Bu isə bahalı təmir və ya ehtiyat hissələrinin dəyişdirilməsi ilə nəticələnə bilər.
Mütəxəssislər xüsusilə OLED ekranlı televizorlardan istifadə edənləri ehtiyatlı olmağa çağırırlar. Belə panellərdə eyni görüntünün uzun müddət ekranda qalması "ekran yanması" (burn-in) adlanan qalıcı izlərin yaranmasına səbəb ola bilər. Müasir televizorlar bu riski azaltmaq üçün müxtəlif qoruyucu texnologiyalarla təchiz edilsə də cihazın uzun müddət fasiləsiz işlədilməsi təhlükəni tam aradan qaldırmır.
Digər mühüm məsələ isə enerji sərfiyyatıdır. Modelindən və texniki xüsusiyyətlərindən asılı olaraq televizorlar adətən 50-200 vatt arasında elektrik enerjisi sərf edir. Cihazın saatlarla lazımsız şəkildə açıq qalması ayın sonunda elektrik haqqının artmasına səbəb ola bilər.
Bundan əlavə, televizora eARC və ya digər bağlantılar vasitəsilə qoşulan səs sistemləri, media pleyerləri və digər aksesuarlar da televiziya ilə birlikdə işləyərək əlavə enerji sərf edir. Nəticədə, bu cihazların ümumi enerji istehlakı illik xərclərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola bilər.
Mütəxəssislər televizordan istifadə edilmədiyi zaman onun söndürülməsini, uzunmüddətli fasilələrdə isə tamamilə enerji mənbəyindən ayrılmasını tövsiyə edirlər. Bu, həm cihazın istismar müddətini uzada, həm də əlavə elektrik xərclərinin qarşısını almağa kömək edə bilər.
Mənsumə
