Qüdrət Həsənquliyev: “Bu problemi yaxın 5 ildə həll etmək mümkün olmayacaq”
“Azərbaycanda aqrar sektorun ixtisaslı mütəxəssislərlə təmin olunmasında çətinliklər yaşanır. Ali təhsil müəssisələrində bəzi aqrar ixtisaslar üzrə qəbul ballarının aşağı olması və peşəkar kadr hazırlığı ilə bağlı problemlər kənd təsərrüfatının gələcək inkişafı üçün ciddi suallar yaradır”.
Sfera.az xəbər verir ki, bu barədə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı danışıb.
Deputat Azərbaycan Dövlət Aqrar Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının aşağı olmasını tənqid edib:
“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ən azı üç ixtisas üzrə keçid balı 600-dən yuxarıdır. Amma gəlin baxaq, Gəncədəki Dövlət Aqrar Universitetində bizə lazım olan mütəxəssislər yetişirmi? Aqromühəndislik ixtisasının keçid balı 177,2, su bioehtiyatları və akvakultura üzrə 151,5, baytarlıq üzrə 153,4, bitki mühafizəsi üzrə isə 178,1 baldır. Belə aşağı ballarla qəbul olunan tələbələrlə bu sahədə köklü dəyişikliklərin aparılacağını düşünmürəm".
Deputatın sözlərinə görə, hazırda aqroparklar və iri heyvandarlıq kompleksləri yerli mütəxəssis çatışmazlığı səbəbindən xaricdən, xüsusilə Türkiyədən peşəkar kadrların gətirilməsində maraqlıdırlar:
“Mən şəxsən maraqlanmışam. Aqroparkların, heyvandarlıq komplekslərinin əksəriyyətində yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə Türkiyədən kadrların gətirilməsini tələb edirlər. Bizə savadlı mütəxəssis lazımdır”.
O, aqrar sahədə kadr hazırlığı probleminin Nazirlər Kabineti səviyyəsində müzakirə edilməsinin vacibliyini də diqqətə çatdırıb. Deputat hesab edir ki, mövcud vəziyyət dəyişməzsə, kənd təsərrüfatında yüksək ixtisaslı kadr çatışmazlığını yaxın beş ildə aradan qaldırmaq mümkün olmayacaq.
Bəsti Rəfizadə






