Kirayə müqavilələri niyə rəsmiləşdirilmir? – Maraqlı SƏBƏBLƏR
Azərbaycanda kirayə mənzil bazarında vətəndaşlar bir sıra problemlərlə üzləşirlər. Xüsusilə kirayə qiymətləri, rəsmi müqavilələrin bağlanması, vergi öhdəlikləri və ev sahiblərinin müəyyən etdiyi şərtlər bu sahədə müzakirələrə səbəb olur. Bəzi ev sahiblərinin müqavilə bağlamaqdan yayınması isə kirayəçilərin hüquqlarını risk altında qoyur.
Bəs Azərbaycanda rəsmi kirayə müqavilələrinin bağlanmasına mane olan əsas səbəblər hansılardır və müqaviləsiz kirayə münasibətləri vətəndaşlar üçün hansı hüquqi risklər yaradır? Mövcud vergi və hüquqi mexanizmlər kirayə bazarında tərəflərin maraqlarını nə dərəcədə qoruyur və şəffaflığın artırılması, vətəndaşların hüquqlarının təmin edilməsi üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, Azərbaycanda kirayə müqavilələrinin rəsmiləşdirilməməsinin əsas səbəblərindən biri uzun illər formalaşmış ənənə, digər səbəbi isə vergi və əlavə xərclərdir.

Onun sözlərinə görə, bir çox ev sahibi mənzilin öz mülkiyyətində olmasını əsas gətirərək onu kirayəyə verdikdə vergi ödəməli olmadığını düşünür. Halbuki kirayədən gəlir əldə edilməsi vergi öhdəliyi yaradır:
“Müqavilələrin rəsmiləşdirilməsi prosedurunun mürəkkəbliyi də vətəndaşları bu addımdan çəkindirir. Hazırda tərəflər müqavilə bağlamaq üçün notariusa müraciət etməli, əlavə ödənişlər etməli və müəyyən vaxt sərf etməlidirlər. Vergi yükü də nəzərə alındıqda, ev sahibləri rəsmi müqavilədən yayınmağa üstünlük verirlər.
Müqaviləsiz kirayə münasibətləri həm ev sahibləri, həm də kirayəçilər üçün ciddi hüquqi problemlər yarada bilər. Belə ki, mənzildəki əşyaların zədələnməsi, evin aşınması, depozitin qaytarılması, kirayə müddəti və müqavilənin vaxtından əvvəl dayandırılması kimi məsələlərdə tərəflərin hüquq və öhdəlikləri aydın müəyyənləşdirilmir”.
O qeyd edib ki, maklerlər tərəfindən hazırlanan sadə müqavilələr də hər zaman tərəflərin hüquqlarını qorumaq üçün yetərli hüquqi əsas yaratmır:
“Kirayə bazarında şəffaflığı təmin etmək üçün yalnız cərimələrə üstünlük vermək düzgün yanaşma deyil. İlk növbədə əhali maarifləndirilməli, vergi dərəcələri və müqavilələrin rəsmiləşdirilməsi ilə bağlı xərclər azaldılmalıdır. Kirayə müqavilələrinin bağlanması üçün dövlət rüsumları ən azı 50 faiz azaldılsın və elektron qaydada müqavilə imzalamaq imkanı yaradılsın. Kirayə gəlirlərinə tətbiq edilən 10 faizlik vergi dərəcəsinin 5 faizə endirilməsi də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edə bilər”.
Ekspertin qənaətinə görə, vergi və rəsmiləşdirmə xərclərinin azaldılması daha çox ev sahibinin rəsmi müqavilə bağlamasına, nəticədə isə vergi daxilolmalarının artmasına şərait yarada bilər.
İradə Elsevər






