Azərbaycanda qızılın qiyməti düşəcək - Alıcıların nəzərinə
Beynəlxalq birjalarda qızılın qiymətində son aylarda müşahidə olunan enmə diqqət çəkir. “Reuters” agentliyinin noyabrın 3-nə olan məlumatına əsasən, qızılın bir troya unsiyasının qiyməti 0,5 faiz azalaraq 3 926,52 dollara düşüb. Halbuki cari ilin avqustin 22-də qızılın dəyəri 4600 dollardan yüksək idi. Qiymətli metal ötən həftə son bir ilin ən aşağı səviyyəsinə gerilədikdən sonra müəyyən qədər bahalaşsa da, bazarda qiymət dəyişkənliyi davam edir.
Dünya bazarında qızılın ucuzlaşması yerli zərgərlik bazarında qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar yaradır. Xüsusilə qızıl-zinət əşyalarının satış qiymətlərinin beynəlxalq bazardakı ucuzlaşmaya nə dərəcədə uyğunlaşacağı maraq doğurur.
Bəs dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda qızıl-zinət əşyalarının qiymətlərinə necə təsir edib? Yaxın dövrdə qiymətlərin daha da azalması gözlənilirmi?
İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan qızıl bazarı dünya bazarından asılıdır:
“İstər-istəməz dünya bazarında qiymətlər aşağı düşdükdə bunun təsirləri Azərbaycanda da müşahidə olunur. Lakin ölkəmizdə bu proses bir qədər gec hiss edilir. Əgər qızılın qiyməti dünya bazarında bir müddət hazırkı səviyyədə qalarsa, Azərbaycanda da qızıl-zinət əşyalarında müəyyən ucuzlaşma baş verə bilər”.

İqtisadçı hazırda qızılın alış və satış qiymətlərində fərqli vəziyyətin müşahidə olunduğunu bildirib:
“Qızıl alıcıları vətəndaşlardan qızıl alarkən dünya bazarındakı ucuzlaşmanı əsas götürərək daha aşağı qiymət təklif edirlər. Lakin hələlik qızıl-zinət əşyalarının satış qiymətlərində azalma müşahidə olunmur. Bununla belə, yaxın vaxtlarda satış qiymətlərinin də aşağı düşəcəyi gözlənilir”.
Qeyd edək ki, bazar məlumatlarına əsasən, oktyabr ayı ərzində italyan qızılının (750 əyar) qramı 10 manat ucuzlaşaraq 160 manat, türk qızılı (585 əyar) 8 manat ucuzlaşaraq 125 manat, rus qızılı (582 əyar) 7 manat ucuzlaşaraq 124 manat olub.
Şahanə Ziyad






