Logo

"İstixanaların sayı azalıb, istehsal zəifləyib" - Deputatdan TƏKLİF

"İstixanaların sayı azalıb, istehsal zəifləyib" - Deputatdan TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda aqroparkların xaricdən təcrübəli aqronom, bağçılıq mütəxəssisi və baytar həkimləri cəlb etməsinə şərait yaradılması nəzərdə tutulur. Lakin bu addımla yanaşı, yerli mütəxəssislərin hazırlanması, aqrar təhsil müəssisələri ilə istehsalat sektoru arasında əlaqələrin gücləndirilməsi də vacibdir.

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, əgər aqronomlara, bağçılıq mütəxəssislərinə və baytarlara ehtiyac yaranırsa, ötən onilliklər ərzində ali təhsil müəssisələrinin hazırladığı kadrların sayı və keyfiyyəti də araşdırılmalıdır:

“Ulu öndərin respublikamıza rəhbərlik etdiyi sovetlər dövründə, 1970-1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu hər il orta hesabla mindən çox ali təhsilli mütəxəssis yetişdirirdi. 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 880 əyani və 269 qiyabi bakalavr məzunu olub. Universitetin açıqladığı son məlumatlara görə, 2024-2025-ci tədris ilində aqronomluq ixtisasını 84, baytarlıq təbabətini isə 76 nəfər bitirib. Rəqəmlər göstərir ki, kadr hazırlığı davam edir. Lakin diplomlu mütəxəssisin təsərrüfata gedib çatmasındakı qırılmanın səbəbləri xüsusi araşdırma tələb edir”.

Deputat kənd təsərrüfatı ixtisasları üzrə məzunların məşğulluq göstəricilərinə də diqqət çəkib. O bildirib ki, kənd təsərrüfatı nazirinin 2026-cı ildə açıqladığı məlumata görə, aqrar ixtisas məzunlarının öz sahələri üzrə məşğulluq göstəricisi üç il ərzində 32 faizdən 65 faizə yüksəlib:

“Bəs belə olan halda kəndlərdə və aqroparklarda işəgötürənlərin ehtiyacları nə üçün ödənilmir? İqtisadi sistemlə ali təhsil müəssisələri arasında əlaqə qurulmadığı üçün universitetlərin yetirmələri aqrar təsərrüfatlarda sərbəst işləyə bilmirlər”.

Deputat istixanaların və pomidor istehsalının azalmasına da toxunub. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, ölkədə istixanaların sayı 2023-cü ildəki 3228-dən 2024-cü ildə 3037-yə, 2025-ci ildə isə 2 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib:

“Bu azalmanı yalnız aqronom çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarlarda satış qiymətlərinin aşağı olması yerli şirkətlərin rəqabət qabiliyyətinə təsir göstərir. Xaricdən aqronom gətirməklə ziyanla işləyən istixananın bütün problemləri həll olunmayacaq”.

Baytarlıq sahəsindəki vəziyyətin daha həssas olduğunu bildirən Z.Oruc bu ixtisas üzrə kadr hazırlığı ilə real sektordakı tələbat arasında fərq olduğunu qeyd edib. O, bəzi təsərrüfatların Türkiyə və İrandan mütəxəssislər cəlb etdiyini, onların bir qisminin orta peşə təhsilli olmasına baxmayaraq, təcrübələri sayəsində yerli rəqabətdə üstünlük qazandıqlarını bildirib. Deputat xaricdən mütəxəssis cəlb edilməsinə qarşı olmadığını, lakin bu prosesin konkret meyarlar əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Qanunvericilikdə xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarlar təsbit olunmalıdır. Xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılması təmin edilməlidir. Aqroparklar güzəştlərdən yararlandıqları müddətdə yerli aqronomlar, bağçılıq mütəxəssisləri və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirsinlər. Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında birgə tədris təsərrüfatlarının yaradılmalı, bölgələrdə çalışan gənc mütəxəssislərə maaş əlavələri və davamlı peşə təhsili üzrə dəstək mexanizmlərinin nəzərdən keçirilməlidir. Ən əsası, 2016-2026-cı illərdə hər üç ixtisas üzrə qəbul, məzun, işə düzəlmə və regionlarda çalışan mütəxəssislərin sayı vahid açıq hesabatda göstərilsin. Xarici biliyi ölkəyə gətirməyə etiraz etmirik, lakin əcnəbi aqronomun və baytarın təcrübəsini yerli mütəxəssisin bacarığına çevirmək əsas hədəfimiz olmalıdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR