Bazar dəyəri trilyon dollardan çox olan şirkətlər - ADLAR
2026-cı ilin son rübünün məlumatına əsasən, dünyada bazar dəyəri 1 trilyon dollardan çox olan 15 şirkət var. Bu sayın tezliklə 16-ya çatma ehtimalı da var.
Sfera.az xarici mənbələrə istinadən xəbər verir ki, dünyanın ən dəyərli 15 şirkətindən 12-si ABŞ-yə məxsusdur. Digər 3 şirkət isə Tayvan, Səudiyyə Ərəbistanı və Cənubi Koreyaya aiddir.
Dünyanın hazırda ən dəyərli şirkəti "Apple"dır. İnformasiya texnologiyaları üzrə ixtisaslaşan "Apple"ın dəyəri 4,94 trilyon dollardır.
Onu 4,88 trilyon dollar bazar dəyəri ilə digər ABŞ şirkəti olan NVIDIA izləyir. Bu şirkət süni intellekt və yarımkeçiricilər üzrə ixtisaslaşıb.
ABŞ-nin daha 2 şirkəti var ki, onların dəyəri 3 trilyon dollardan yüksəkdir. Bunlar "Microsoft" (3,77 trilyon dollar) və "Alphabet" (Google) (3,42 trilyon dollar) şirkətləridir.
"Microsoft" proqram təminatı, "Alphabet" isə internet və texnologiya sahəsi üzrə ixtisaslaşıb.
Sıralamada ilk beşliyi ABŞ-nin "Amazon" şirkəti tamamlayır. E-ticarət şirkəti olan "Amazon"un bazar dəyəri 2,66 trilyon dollardır.
Növbəti yerlərdə Tayvanın TSMC (2,07 trilyon dollar), ABŞ-nin "SpaceX" (1,85 trilyon dollar), Səudiyyə Ərəbistanının "Saudi Aramco" (1,68 trilyon dollar), ABŞ-nin "Tesla" (1,6 trilyon dollar), "Meta Platforms" (1,55 trilyon dollar), "Broadcom" (1,54 trilyon dollar), "Eli Lilly" (1,33 trilyon dollar) və "Berkshire Hathaway" (1,17 trilyon dollar) şirkətləri qərarlaşıb.
Siyahının 14-cü yerində Cənubi Koreyanın "Samsung Electronics" (1,13 trilyon dollar), 15-ci yerində isə ABŞ-nin "Micron Technology" (1 trilyon dollar) şirkətləridir.
ABŞ-nin "Walmart" şirkəti də təxminən 1 trilyon dollar (980 milyard dollar) dəyərə sahibdir.
Bu sıralamada maraqlı olan nüans şirkətlərin əksəriyyətinin informasiya-kommunikasiya texnologiyaları sahələri üzrə ixtisaslaşmasıdır. Adı çəkilən 16 şirkətdən yalnız "Saudi Aramco" (neft və qaz), "Tesla" (avtomobil və enerji), "Eli Lilly" (əczaçılıq), "Berkshire Hathaway" (investisiya) və "Walmart" (pərakəndə ticarət) digər sahələr üzrə fəaliyyət göstərir.
Əgər yüksək texnologiyalar sahəsini əsas götürsək, "Tesla" da müasir dövrün çağırışlarına cavab verən şirkətdir. Digərləri isə ənənəvi sahələr üzrə fəaliyyət göstərir.
Ümumilikdə adı qeyd edilən şirkətlərin bazar dəyəri 35,57 trilyon dollardır.
Vasif






