"Apple" satışlarının həcmini açıqladı: 12 faiz artım var
ABŞ-nin və dünyanın ən dəyərli şirkəti olan "Apple" iyul-sentyabr dövrü üzrə rüblük gəlirini açıqlayıb.
Sfera.az xəbər verir ki, şirkətdən açıqlanan məlumata əsasən, son rübdə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 12 faiz artıb.
Hesabata əsasən, şirkətin bu dövrdəki xalis satışı illik müqayisədə təxminən 12 faiz artaraq 114,5 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 102,5 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 12 faiz artaraq 30,7 milyard dollara yüksəlib. "Apple" ötən ilin müvafiq dövründə 27,5 milyard dollar xalis mənfəət açıqlamışdı.
Şirkətin səhmbaşına düşən mənfəəti isə sözügedən dövrdə 1,85 dollardan 2,10 dollara qədər artıb.
"iPhone" satışları yüksəlib
Bu dövrdə "Apple"ın "iPhone" və "Mac" satışlarında artım müşahidə olunduğu halda, "iPad" satışlarında geriləmə qeydə alınıb.
"iPhone" satışlarının ümumi həcmi iyul-sentyabr aylarında illik müqayisədə 17,5 faiz artaraq 57,6 milyard dollara yüksəlib.
Eyni dövrdə "Mac" satışları 23,7 faiz artaraq 10,8 milyard dollara çatıb, "iPad" satışları isə 10,4 faiz azalaraq 6,2 milyard dollar təşkil edib.
"Apple"ın xidmət sahəsindən əldə etdiyi gəlir də 10 faizə yaxın artaraq 31,6 milyard dollara yüksəlib.
Maliyyə ili üzrə ümumi satışlar 15% artıb
Şirkətin xalis satışı 2026-cı maliyyə ili üzrə ümumilikdə 15 faiz artaraq 478,8 milyard dollara, xalis mənfəəti isə 18 faiz artaraq 132,2 milyard dollara çatıb.
Sözügedən dövrdə "iPhone" satışlarının həcmi 254,1 milyard dollar, "Mac" satışları 37,9 milyard dollar, "iPad" satışları isə 27,9 milyard dollar olaraq qeydə alınıb. Şirkət 2026-cı maliyyə ilində göstərdiyi xidmətlərdən 123,3 milyard dollar gəlir əldə edib.
Vasif






