ABŞ-Çin razılaşdı - Bu, Azərbaycana əlavə gəlir gətirəcək

ABŞ və Çin arasında ticarət gərginliyinin azaldılması istiqamətində yeni razılaşma əldə olunub.
Tərəflər bəzi məhsullara tətbiq edilən tariflərin aşağı salınması və mövcud ticarət atəşkəsinin uzadılması barədə razılığa gəliblər. Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət münasibətlərində yaranan hər hansı dəyişiklik isə yalnız həmin ölkələrin bazarlarına deyil, qlobal iqtisadi proseslərə də təsir göstərə bilər.
Xüsusilə ABŞ və Çin arasında tariflərin azaldılması beynəlxalq ticarət dövriyyəsi, kənd təsərrüfatı məhsullarının tədarükü, logistika xərcləri və qlobal təchizat zəncirləri baxımından mühüm nəticələr yarada bilər. İki ölkə arasında ticarət məhdudiyyətlərinin yumşaldılması müəyyən məhsullar üzrə bazara çıxış imkanlarını genişləndirə, təklifin artmasına və qiymətlərə olan təzyiqin azalmasına şərait yarada bilər. Bununla yanaşı, dünya ərzaq qiymətlərinin formalaşmasında enerji və nəqliyyat xərcləri, istehsal həcmi, hava şəraiti və valyuta məzənnələri kimi çoxsaylı amillər də rol oynayır.
Bəs ABŞ və Çin arasında əldə olunan bu razılaşma dünya bazarında ərzaq və digər istehlak məhsullarının qiymətlərinə necə təsir göstərə bilər? Qlobal ticarətdə mümkün dəyişikliklər Azərbaycanın idxal xərclərinə, daxili bazarda qiymətlərə və tranzit imkanlarına hansı təsirləri göstərəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ABŞ və Çin arasında müəyyən məhsullar üzrə tariflərin aşağı salınması və iqtisadi münasibətlərdə sabitliyin yaranması ilk növbədə dünya ticarətində gərginliyin müəyyən qədər azalması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, iki ölkə arasında tətbiq olunan yüksək tariflər təkcə ABŞ və Çin arasındakı ticarətə deyil, ümumilikdə qlobal təchizat zəncirinə təsir göstərirdi.
Tariflərin aşağı salınması, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə ticarətin genişlənməsinə imkan yarada bilər. ABŞ məhsullarının Çin bazarına çıxışının asanlaşması buğda, qarğıdalı, ət və digər ərzaq məhsulları üzrə ticarətin artmasına şərait yarada bilər. Bu isə müəyyən məhsullar üzrə dünya bazarında təklifin və ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.
“Lakin düşünmürəm ki, bu razılaşmadan sonra dünya üzrə ərzaq qiymətlərində dərhal ciddi ucuzlaşma baş versin. Çünki ərzaq qiymətlərinə yalnız gömrük tarifləri təsir etmir. Yanacağın qiyməti, daşınma xərcləri, istehsal həcmi, hava şəraiti, valyuta məzənnələri və digər amillər də mühüm rol oynayır. Ona görə də əsas təsir qiymətlərin kəskin aşağı düşməsindən daha çox, bazarlarda əlavə bahalaşma təzyiqinin zəifləməsi istiqamətində ola bilər”, – ekspert qeyd edib.
G.Hüseynovanın sözlərinə görə, Azərbaycan üçün bu prosesin təsirləri əsasən dolayı xarakter daşıyacaq. Dünya bazarında taxıl, yem, bitki yağları və digər kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşməsi ölkənin idxal xərclərinə də müsbət təsir göstərə bilər. Xüsusilə ərzaq idxalından asılı olan məhsullar üzrə dünya qiymətlərinin sabit qalması daxili bazarda qiymət artımı təzyiqinin azalması baxımından əhəmiyyətlidir.
Ekspert əlavə edib ki, ABŞ və Çin arasında ticarət münasibətlərinin yumşalması qlobal ticarətin və daşımaların aktivləşməsinə də səbəb ola bilər. Bu baxımdan Azərbaycanın tranzit ölkə kimi mövqeyi üçün müəyyən imkanlar yarana bilər. Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımaların artması ölkənin logistika və tranzit gəlirlərinə müsbət təsir göstərə bilər.
“Burada neft amilini də nəzərə almaq lazımdır. Əgər ABŞ və Çin arasında münasibətlərin yaxşılaşması qlobal iqtisadi aktivliyi artırarsa, enerji tələbatında da artım ola bilər. Bu isə neft ixrac edən ölkə kimi Azərbaycan üçün əlavə gəlir imkanları yarada bilər. Lakin enerji qiymətlərinin yüksəlməsi eyni zamanda nəqliyyat və istehsal xərclərini artırdığı üçün ərzaq qiymətlərinə müəyyən bahalaşdırıcı təsir də göstərə bilər.
Yəni bu razılaşmanın Azərbaycan üçün təsirini yalnız ərzağın ucuzlaşması və ya bahalaşması ilə qiymətləndirmək düzgün olmaz. Daha çox qlobal bazarlarda sabitliyin artması, təchizat zəncirlərində risklərin azalması və bəzi idxal məhsullarının qiymətində artım təzyiqinin zəifləməsi baxımından müsbət təsir gözləmək olar. Bununla belə, ölkə bazarında qiymətlərə real təsirin miqyası daxili istehsal, idxaldan asılılıq, logistika xərcləri və valyuta məzənnəsi kimi amillərdən də asılı olacaq”, – ekspert bildirib.
Firuzə Əliyeva
Sfera.az






