Avropada qaz böhranı: Azərbaycanın gəliri artacaq
Avropada qaz ehtiyatlarının azalması və enerji bazarında qiymət artımı ilə bağlı narahatlıqlar Azərbaycanın enerji sektoruna mümkün təsirlərini gündəmə gətirib. Xüsusilə Almaniyanın yeraltı qaz anbarlarında doluluq səviyyəsinin aşağı düşməsi, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və Avropanın enerji təchizatı ilə bağlı risklər diqqət mərkəzindədir. Belə bir şəraitdə Avropa ölkələrinin əlavə qaz tədarükünə ehtiyacının artması, təbii qazın qiymətində mümkün dəyişikliklər və enerji ixrac edən ölkələrin mövqeyi xüsusi əhəmiyyət qazanır. Azərbaycan da Avropaya qaz ixrac edən ölkələrdən biri olduğundan bu proseslərin ölkəmizin ixrac gəlirlərinə və enerji siyasətinə təsiri müzakirə olunur. Digər tərəfdən, beynəlxalq bazarda qazın bahalaşması daxili istehlakçılar üçün tariflərin dəyişdirilməsi məsələsini də aktuallaşdırır.
Bəs Avropada yaranan enerji gərginliyi Azərbaycanın qaz bazarına hansı istiqamətlərdə təsir edə bilər? Bu vəziyyət ölkəmizdə əhali üçün qaz tariflərinin artırılması zərurəti yarada bilərmi və 2027-ci ildə belə bir dəyişiklik gözlənilirmi?
Bununla bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, Avropadakı vəziyyət Azərbaycanın ixrac gəlirlərinə müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, Almaniyanın qaz anbarlarında ehtiyatların azalmasını ölkədə qaz təchizatının tamamilə dayanacağı kimi qiymətləndirmək düzgün deyil:
“Çünki Almaniya boru kəmərləri, mayeləşdirilmiş təbii qaz terminalları və digər idxal mənbələri vasitəsilə enerji təminatını həyata keçirir. Bu baxımdan əsas risklərdən biri qazın fiziki çatışmazlığından daha çox qiymətinin yüksəlməsi və təchizat xərclərinin artmasıdır.
Avropada qazın bahalaşması Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yarada bilər. Ölkəmizin Avropa bazarına təbii qaz ixrac etməsi beynəlxalq qiymət artımlarının ixrac gəlirlərinə müsbət təsir göstərməsinə şərait yaradır. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkəmizin strateji əhəmiyyətini gücləndirəcək”.

İqtisadçı eyni zamanda beynəlxalq bazarlarda qazın bahalaşmasını Azərbaycanda əhali üçün tariflərin artırılması ilə birbaşa əlaqələndirməyin doğru olmadığını da vurğulayıb:
“Ölkəmizdə əhali üçün qaz tarifləri dövlət tərəfindən tənzimlənir və Tarif Şurasının qərarı ilə müəyyən edilir. Daxili tarif siyasətində qazın hasilatı, nəqli və paylanması xərcləri, infrastrukturun saxlanılması, istehlakın həcmi və sosial siyasət kimi amillər nəzərə alınır. Azərbaycanın öz təbii qaz hasilatı və ixrac imkanlarının olması daxili bazarın xarici qiymət dəyişikliklərindən birbaşa asılılığını da məhdudlaşdırır”.
Ekspert 2027-ci ildə əhali üçün qaz tariflərinin artırılması ehtimalına da münasibət bildirib:
“Hazırda belə bir qərarın veriləcəyini söyləmək üçün əsas yoxdur. Rəsmi qərar və iqtisadi əsaslandırma ortaya qoyulmadan tarif artımı ilə bağlı konkret proqnoz vermək düzgün olmaz. Bununla belə, hasilat və nəql xərclərinin yüksəlməsi, enerji infrastrukturuna investisiya ehtiyacı və ölkənin daxili qaz balansı gələcək tarif siyasətinə təsir göstərə biləcək amillərdir.
Enerji siyasətində əsas prioritetlərdən biri daxili istehlakçıların maraqlarının qorunması olmalıdır. Xüsusilə payız-qış mövsümündə təbii qazın əhali üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alsaq, mümkün tarif dəyişiklikləri vətəndaşların real gəlirləri və alıcılıq qabiliyyəti əsasında qiymətləndirilməlidir”.
İradə Elsevər






