Büdcə xərclərində yenilik: 14 illik rekord qırılacaq
Azərbaycan müstəqillik tarixinin ən böyük dövlət büdcəsini qəbul etməyə hazırlaşır.
Sfera.az xatırladır ki, indiyə qədər mövcud olan ən böyük dövlət büdcəsi 2013-cü ildə qəbul edilib.
Həmin ildə dövlət büdcəsinin xərclər hissəsi 24,4 milyard dollar təşkil edib.
Sonrakı illərdə neftin ucuzlaşması və devalvasiya qərarları Azərbaycanın dövlət büdcəsinin kəskin şəkildə kiçilməsinə səbəb oldu. Belə ki, büdcənin xərc hissəsi 2014-cü ildə 23,85 milyard dollara, 2015-ci ildə 17,33 milyard dollara, 2017-ci ildə isə 10,22 milyard dollara qədər azaldı.
Yalnız 2018-ci ildən başlayaraq dövlət büdcəsi böyüdü. Bu böyümədə məzənnənin sabitləşməsi və neft qiymətlərinin yüksəlməsi önəmli rol oynadı. Həmin ildə xərclər 13,4 milyard dollara, 2023-cü ildə 21,5 milyard dollara, 2025-ci ildə isə 22,7 milyard dollara yüksəldi.
2026-cı ildə büdcə xərclərinin 24,53 milyard dollara çatması proqnozlaşdırılır. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, adətən büdcə xərcləri layihədə nəzərdə tutulandan 1-2 faiz az icra olunur. Buna görə də 2026-cı ildə xərclərin 24,53 milyard dollar yox, 24-24,2 milyard dollar olacağı təxmin edilir. Bu halda 2013-cü ilin rekordunun (24,4 milyard dollar) qırılması baş verməyə bilər.
Amma gələn il bu rekordun qırılacağı ehtimalı böyükdür. 2027-ci ilin dövlət büdcəsi I oxunuşda qəbul edilib. Layihəyə əsasən, büdcənin xərclər hissəsi 42,4 milyard manat, yəni təxminən 24,9 milyard dollar olacaq. Bu layihə üzrə xərclər tam icra edilməsə də, 2013-cü ildəki 24,4 milyard dolları ötmə ehtimalı çox yüksəkdir.
Buna görə də 2026-cı ilin büdcəsi olmasa da, 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi olacaq.
Vasif






