Azərbaycanda payız turizmi: Mövsüm hansı dəyişikliklər yaradır?

Azərbaycanda payız turizmi: Mövsüm hansı dəyişikliklər yaradır?
Kateqoriya məlum deyil
T

Azərbaycanda payız mövsümünün başlaması ilə turistlərin maraq göstərdiyi yerlər dəyişir. Yay aylarındakı dəniz və çimərlik turizmini artıq bölgələrin füsunkar təbiəti, payız mənzərələri və kənd turizmi əvəz edir. Bu mövsüm dəyişikliyi otel və qonaqlama qiymətlərinə də birbaşa təsir göstərərək, daxili turizmdə yeni tendensiyalar formalaşdırır.

Turizm eksperti Əziz Şiriyev Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda turizm əvvəl əsasən yay mövsümündə inkişaf etsə də, son illərdə qış turizminin də inkişafı üçün imkanlar yaradılıb.

Onun sözlərinə görə, Qusarın Şahdağ, Qəbələnin Tufandağ və Naxçıvanın Ağbulaq istirahət mərkəzlərinin fəaliyyətə başlaması qış turizminin inkişafına təkan verib:

"Ölkədə beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi digər mövsümlərdə də turist axınının artmasına şərait yaradır. Xüsusilə də, formula 1 yarışının sentyabr ayında keçirilməsinin payız turizmi baxımından əhəmiyyətlidir".

Ə.Şiriyev bölgələrin turizm potensialından daha geniş istifadə edilməsinin vacibliyini bildirib. Onun fikrincə, turizmin inkişafı yalnız Bakı ilə məhdudlaşmamalı, regionlarda keçirilən festivallar vasitəsilə yeni turizm məhsulları yaradılmalıdır.

Ekspert hazırda Cənub bölgəsində sitrus mövsümünün başlamasını nəzərə alaraq burada sitrus festivalının keçirilməsini, daha sonra Göyçayda Nar bayramının, Zaqatala-Balakən istiqamətində isə xurma festivalının təşkil edilməsini təklif edib:

"Bölgələrdə yetişdirilən yerli məhsullar və meyvələrlə bağlı festivallar həm Bakıda olan xarici turistlər üçün yeni səyahət imkanları yarada, həm də daxili turizmlə məşğul olan şirkətlərin tur-paketlərinə əlavə edilə bilər".

Ə.Şiriyev hesab edir ki, turizmin bütün il ərzində eyni intensivlikdə davam etməsi vacib deyil:

"Payız və yaz aylarında turist axınının nisbətən azalması turizm şirkətlərinə yeni məhsullar hazırlamaq və növbəti mövsümlər üçün kreativ tur-paketlər formalaşdırmaq imkanı verə bilər. Xüsusilə regionlarda keçirilən toy mərasimləri xarici turistlər üçün maraqlı turizm təcrübəsi yaradacaq. Bizim toylarımız, regionlarda olan toylarımız çox maraqlı keçir. Bu adət-ənənəni turizm versiyasına çevirsək, xeyli sayda turist cəlb edə bilərik".

Ekspertin fikrincə, turistlərin yerli insanların həyat tərzi, milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanışlığı turizm məhsullarının şaxələndirilməsinə kömək edə bilər. Regionların turizm baxımından inkişafı Azərbaycanın ümumi sosial-iqtisadi inkişafına da müsbət töhfə verə bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR