Gələn ilin büdcəsi artacaq: Maaş və müavinətlərin də artırılması imkanı var

Gələn ilin büdcəsi artacaq: Maaş və müavinətlərin də artırılması imkanı var
Kateqoriya məlum deyil
T

2027-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb. Açıqlanan məlumatlar göstərir ki, gələn ilin dövlər büdcəsində xərclər üçün daha çox vəsait ayrılması nəzərdə tutulub. Buna əsaslanaraq bəzi iddialarda 2027-ci ildə maaş, müavinət və təqaüdlərin artırılmasının real olduğu bildirilir.

İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, 2027-ci il dövlət büdcəsinin xərclərinin 42,4 milyard manat səviyyəsində proqnozlaşdırılması dövlətin iqtisadi və sosial proseslərdə maliyyə rolunun yüksək qaldığını göstərir.

Onun sözlərinə görə, sosial müdafiə və sosial təminat xərcləri üçün 4,916 milyard manat vəsait nəzərdə tutulur. İqtisadçı dedi ki, bu həcmdə büdcə resursu dövlət xərclərinin səmərəliliyinə və iqtisadi nəticələrinə daha ciddi yanaşma tələb edir. Ekspert dedi ki, sosial xərclərin artırılması üçün dövlət büdcəsinin bütün xərc istiqamətləri üzrə səmərəlilik qiymətləndirilməsi gücləndirilməlidir:

“Aşağı nəticə yaradan, iqtisadi multiplikatoru zəif olan və sosial-iqtisadi təsiri ölçülməyən proqramlar üzrə xərclər yenidən nəzərdən keçirilməlidir. Nəticə əsaslı büdcə mexanizmi bu proses üçün mühüm alətdir. Hər bir büdcə proqramı üzrə ayrılan vəsaitin əhatə etdiyi vətəndaşların sayı, yaradılan əlavə dəyər, iqtisadi təsir və əldə olunan nəticə konkret göstəricilərlə ölçülməlidir. 42 milyard manatlıq büdcə daxilində prioritetlərin düzgün müəyyənləşdirilməsi sosial siyasətin maliyyə imkanlarını da genişləndirə bilər”.

A.İbrahimovun fikrincə, sosial sistemin maliyyə dayanıqlığı əmək bazarının inkişafından birbaşa asılıdır. O bildirib ki, 2026-cı ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 8,5 milyard manat, gəlirləri 8,4 milyard manat, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri isə 6,6 milyard manat proqnozlaşdırılıb:

“Sosial ödənişlərin uzunmüddətli maliyyələşdirilməsi üçün formal məşğulluğun genişlənməsi, əmək müqavilələrinin sayının artması, əməkhaqqı fondunun böyüməsi və sosial sığorta ödəyicilərinin sayının çoxalması mühüm rol oynayır. İqtisadi aktivliyin genişlənməsi sosial sığorta sisteminin gəlirlərini artırır və dövlətin sosial öhdəliklərinin maliyyələşdirilməsi üçün daha geniş baza yaradır”.

O deyib ki, 2027-ci il üçün qeyri-neft-qaz sektorundan 23-24 milyard manat, neft-qaz sektorundan isə 15,5 milyard manat gəlir proqnozlaşdırılır. Qeyri-neft-qaz gəlirlərinin artması iqtisadi diversifikasiya baxımından mühüm göstəricidir.

İqtisadçı hesab edir ki, bu prosesin davamlılığı üçün istehsalın, investisiyanın, ixracın və yüksək əlavə dəyər yaradan sahələrin inkişafı sürətlənməlidir:

“2027-ci il büdcəsinin sosial nəticələrini qiymətləndirərkən inflyasiya göstəricisi də xüsusi əhəmiyyət daşıyır. 5,3 faizlik inflyasiya proqnozu şəraitində maaş, pensiya və müavinətlərin nominal artımı ilə yanaşı, əhalinin real alıcılıq qabiliyyətinin dəyişməsi də izlənilməlidir. Ərzaq, kommunal xidmətlər, nəqliyyat, səhiyyə və digər gündəlik xərclərin dinamikası vətəndaşın real gəlirinə birbaşa təsir göstərir. Davamlı sosial siyasət üçün məhsuldar özəl sektorun genişlənməsi, əməkhaqlarının yüksəlməsi, formal məşğulluğun artması, vergi və sosial sığorta bazasının böyüməsi və dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi paralel şəkildə həyata keçirilməlidir”.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR