Logo

Dördgünlük noyabr tətili neçəyə başa gələcək? - Son QİYMƏTLƏR

Dördgünlük noyabr tətili neçəyə başa gələcək? - Son QİYMƏTLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə noyabrın 7-dən 10-dək ardıcıl dörd gün qeyri-iş günü olacaq. Noyabrın 8-də Zəfər Günü, 9-da Dövlət Bayrağı Günü qeyd edilir. Bayram günlərinin həftəsonuna təsadüf etməsi ilə əlaqədar noyabrın 10-u da istirahət günü müəyyən olunub. Ardıcık dörd gün tətilin olması bölgələrdə istirahətə marağı artırıb. Xüsusilə Qəbələ, Quba, Qusar, Şamaxı və digər turizm istiqamətlərində hotel, kottec və bağ evlərində qalmaq istəyənlərin çoxdur.

Bəs hazırda bölgələrdə istirahət etmək üçün nə qədər vəsait lazımdır? Bir neçə günlük istirahət ailə və dost qruplarının büdcəsinə necə təsir edəcək?

Sfera.az xəbər verir ki, qiymətlər bölgələrə, ev və ya hotellərin yerləşmə yerinə, şəraitinə və icarə müddətinə görə dəyişir.

Ümumilikdə, hotellərdə bir gecəlik qalmaq üçün 90-250 manat, daha yüksək səviyyəli istirahət mərkəzlərində isə 300 manat və daha çox vəsait tələb olunur.

Qəbələ ən çox maraq göstərilən turizm istiqamətlərindən biri olaraq qalır. Burada hotellər, kotteclər və ayrıca həyət evləri müxtəlif qiymətlərlə təklif olunur. Mövcud elanlarda bağ evlərinin günlük kirayəsi 100-250 manat arasında dəyişir. Daha geniş əraziyə, hovuz və əlavə istirahət imkanlarına malik villalarda qalmaq istəyənlər isə daha çox vəsait ayırmalıdır.

Quba və Qusar istiqamətlərində də qiymətlər fərqlidir. Qubada bağ evlərinin günlük kirayəsi təxminən 140-300 manat, Qusarda isə 80-100 manat civarında təklif olunur. Bu bölgələrdə hotel və istirahət mərkəzlərinin qiymətləri xidmət səviyyəsinə görə dəyişir. Xüsusilə təbiət qoynunda yerləşən və əlavə xidmətlər təqdim edən məkanlarda istirahət daha baha başa gələ bilər.

İsmayıllı və Şamaxıda da günlük kirayə evlərə maraq var. İsmayıllıda evlərin qiyməti 70-185 manat, Şamaxıda isə 120-170 manat arasında dəyişir. Bu rayonlarda həm ailəvi istirahət üçün nəzərdə tutulan evlər, həm də daha böyük qrupların qala biləcəyi villalar təklif olunur.

Şəki və Qax istiqamətlərində də müxtəlif büdcələrə uyğun seçimlər mövcuddur. Şəkidə günlük ev kirayəsi təxminən 120 manatdan başlayır. Qaxın İlisu kəndində isə bu məbləğ 200-250 manata çatır.

Cənub bölgəsində də istirahət etmək istəyənlər üçün seçimlər var. Lənkəranda günlük ev kirayəsi təxminən 120 manat, Lerikdə isə 70 manat ətrafında təklif olunur. Astarada da 100-150 manat civarında günlük kirayə evlərə rast gəlinir. Bu ərazilərdə hotel və istirahət mərkəzlərinin qiymətləri isə təqdim edilən xidmətlərdən asılı olaraq dəyişir.

Gəncə və Mingəçevir kimi şəhərlərdə tətil günləri üçün yerləşmə imkanları mövcuddur. Bu istiqamətlərdə hotellərin qiymətləri təxminən 150 manatdan başlayır, daha geniş imkanlar təqdim edən məkanlarda isə məbləğ 250 manatı ötür.

Hotellərlə yanaşı, bağ evlərinin kirayəsi də ailə və dost qrupları üçün alternativ hesab olunur. Çünki bir evin bir neçə nəfər arasında bölüşdürülməsi bəzi hallarda fərdi hotel rezervasiyasından daha sərfəli ola bilər. Lakin hovuz, sauna, istilik sistemi və digər əlavə imkanların olması evin qiymətini əhəmiyyətli dərəcədə artırır.

Dördgünlük tətil ərzində bölgələrdə istirahət etmək istəyənlər üçün seçimlər genişdir. Daha münasib qiymətə ev tapmaq mümkün olsa da, yüksək komfortlu məkanlarda qalmaq istəyənlərin büdcəsi xeyli artacaq. Üç gecəlik istirahət üçün bağ evi seçənlər təxminən 210-900 manat, hotellərdə yerləşənlər isə 270-750 manat və daha çox vəsait xərcləməlidirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR