Ərzaq məhsulları niyə bahalaşır? — İnflyasiyanın pərdəarxası

Ərzaq məhsulları niyə bahalaşır? — İnflyasiyanın pərdəarxası
Kateqoriya məlum deyil
T

Azərbaycanda ərzaq məhsullarının dəyərində artım sürəti yenidən güclənib. 2026-cı ilin iyul ayında Azərbaycanda ərzaq məhsulları üzrə illik inflyasiya 7,2 faiz təşkil edib ki, bu da üç ay əvvəl qeydə alınan bahalaşmadan (6,1 faiz) yüksəkdir.

Ərzaq məhsullarının qiymətindəki artımın səbəbləri maraq doğurur.

Sfera.az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda inflyasiyanın təxminən üçdə ikisi idxal amilləri ilə bağlıdır.

İqtisadçı deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özü istehsal etsə də, ərzaq bazarında idxal məhsullarının payı yüksəkdir. O bildirdi ki, yerli istehsalda belə, idxaldan asılı xammal və digər komponentlərdən istifadə olunur:

“İdxal məhsullarının bahalaşması yerli məhsulların qiymətinə də təsir edir. Azərbaycanda bütün istehsal prosesinin yalnız daxili resurslarla həyata keçirildiyi sahələr azdır. Buna görə də, xarici bazarlarda baş verən qiymət dəyişiklikləri daxili bazara da ötürülür”.

X.Kərimli söyləyib ki, idxal məhsullarının bahalaşması yerli sahibkarlara da qiymətləri artırmaq imkanı yaradır:

“Çünki yerli məhsullar idxal məhsulları ilə rəqabət aparır. İdxal bahalaşdıqda yerli istehsalçı da öz məhsulunun qiymətini yüksəldə bilir və beləliklə, idxal inflyasiyası daxili inflyasiyanın artmasına şərait yaradır. Qiymət artımına təsir edən amillərdən biri də Tarif Şurasının qərarlarıdır. Xüsusilə yanacağın qiymətindəki dəyişikliklər kənd təsərrüfatı və ərzaq məhsullarının həm istehsal, həm də daşınma xərclərini artırır”.

Ekspert vurğulayıb ki, benzinin və dizelin qiyməti 2024-cü ilin iyulunda 80 qəpikdən 1 manata, 2025-ci ilin dekabrında isə 1 manatdan 1 manat 10 qəpiyə yüksəlib. Onun fikrincə, yanacağın qiymətindəki bu artım istehsal və daşınma xərclərinə ciddi təsir göstərir. Bu təsir xüsusilə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində özünü göstərir:

“Azərbaycanda inflyasiyanın həm daxili, həm də idxalla bağlı səbəbləri mövcuddur. Lakin əsas amil idxaldır. Çünki yerli istehsalın imkanları ərzaq bazarındakı tələbatı tam qarşılamır və idxal burada əhəmiyyətli rol oynayır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR