İtaliyada bomba qoruxusuna görə 300 məktəb təxliyə edildi
İtaliyada bomba təhdidləri ilə bağlı daxil olan saxta elektron məktublar səbəbindən 300-dən çox məktəb təxliyə edilib.
Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, oxşar təhdidlər Şotlandiya, Şimali İrlandiya və İrlandiya Respublikasındakı məktəblərə də göndərilib. Lakin həmin ölkələrdə mesajlar qısa müddətdə saxta kimi qiymətləndirilib və dərslərin keçirilməsinə mane olmayıb.
İtaliyada isə valideynlər uşaqlarını məktəbdən götürmək üçün təcili təhsil müəssisələrinə üz tutublar. Romadakı Mazzini orta məktəbində oxuyan şagirdin valideyni Nensi Beqo bildirib ki, hadisə zamanı qızı Dafne ağlamağa başlayıb və məktəbdən götürüldükdən sonra da qorxusunu tam aradan qaldıra bilməyib.
Məlumata görə, İtaliya məktəblərinə göndərilən elektron məktub “Mizoginistan vilayətinin lideri Mixail Andropov” adı ilə imzalanıb. Eyni şəxs cümə günü İrlandiya və Bolqarıstanın media qurumlarına göndərilən bomba təhdidlərinə görə də məsuliyyəti üzərinə götürüb.
İtaliyanın Baş naziri Corcia Meloni təhdidlərin real təhlükə yaratmadığını, polis və digər dövlət qurumlarının vəziyyəti nəzarətdə saxladığını bildirib.
İtaliya müdafiə naziri Quido Krosetto isə hadisələrin Avropa ölkələrində qorxu və narahatlıq yaratmağa yönəlmiş strategiyanın bir hissəsi olduğunu deyib.
Qeyd edək ki, son dövrlər Avropada supermarketlər, qan bankları, hava hərəkətinin idarə olunması sistemləri və televiziya yayımçılarına qarşı da müxtəlif təhdidlər və kiberhücumlar qeydə alınıb. Bəzi Avropa rəsmiləri bu hadisələrin arxasında Rusiyanın ola biləcəyindən şübhələnsələr də, Moskva ittihamları rədd edir.
Fransa isə ötən həftə yüzlərlə supermarketdə soyuducuların sıradan çıxmasına səbəb olan kiberhücuma görə İranı ittiham edib. Tehran bu iddiaları əsassız adlandırıb.
Fatimə
Sfera.az






