Polşa ABŞ hərbçilərinin sayını artırır: Rusiya hücum edə bilər

ABŞ Prezidenti Donald Tramp Polşada yeni daimi Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu açıqlayıb. Varşava isə bazada 10 minədək ABŞ hərbçisinin yerləşdirilməsini istəyir. Hazırda Polşada təxminən 7 min ABŞ hərbçisi rotasiya əsasında xidmət edir.
Bəs Polşada ABŞ hərbçilərinin sayının artırılması Rusiya ilə yeni siyasi və hərbi gərginlik yarada bilərmi?
Siyasi şərhçi Müşfiq Abdulla Sfera.az-a açıqlamasında bildirib ki, Polşa ABŞ hərbi kontingentinin sayının artırılmasına Rusiya təhlükəsinin qarşısının alınması vasitəsi kimi baxır.
Onun sözlərinə görə, Rusiya ilə Avropa arasında son vaxtlara qədər mövcud olan hibrid qarşıdurma artıq açıq eskalasiya mərhələsinə keçib:
“Rusiyanın Avropaya qarşı müharibəyə başlayacağı ölkələrdən biri Polşa hesab edilir. Ona görə də Polşa hərbi büdcəsini ildən-ilə artırır, sərhəddə müdafiə tədbirlərini gücləndirir və hərbi təlimlər keçir. 2026-cı ildə Polşanın müdafiə xərcləri üçün 48 milyard avro, 2027-ci ilin dövlət büdcəsi layihəsində isə bu məqsədlə 46 milyard avro məbləğində vəsait ayrılıb”.

M.Abdulla deyib ki, bütün bunlara baxmayaraq, Polşa Rusiya ilə birbaşa açıq müharibədən mümkün qədər yayınmağa çalışır:
“ABŞ hərbçilərinin sayının 10 min nəfərə qədər artırılması ilə bağlı razılaşma Varşavanın Avropa İttifaqının Rusiya hücumu zamanı Polşaya kifayət qədər hərbi yardım göstərəcəyinə tam əmin olmadığını göstərir. Polşa buna görə daha çox ABŞ hərbi bazalarının sayının artırılmasına üstünlük verir. Bu, ilk növbədə, Rusiyaya qarşı çəkindirici xarakter daşıyır. Çünki ABŞ dünyanın birinci supergücü olmaqla yanaşı, həm də nüvə dövlətidir. Varşava ümid edir ki, Rusiya Polşa ərazisində ABŞ ilə qarşı-qarşıya gəlməkdən çəkinə bilər”.
Siyasi şərhçi əlavə edib ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Nyu-Yorka səfəri zamanı ölkəsinin müdafiəsində təhlükəsizliyi təmin edəcək, lakin Rusiyaya təhlükə yaratmayacaq ABŞ hərbi varlığına ehtiyac olduğunu söyləyib:
“Göründüyü kimi, Polşanın məqsədi ABŞ-nin hesabına regional təhlükəsizlik balansı formalaşdırmaq və Rusiyanı mümkün hücumdan çəkindirməklə müharibədən yayınmaqdır. Sikorski hərbi bazalar və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Prezident Trampın verdiyi vədi yerinə yetirəcəyinə ümid etdiyini bildirib”.
O bildirib ki, ABŞ prezidentinin sonrakı açıqlamalarına diqqət yetirdikdə Trampın Polşanı Rusiyadan müdafiə edəcəyinə dair hər hansı konkret zəmanət vermədiyi görünür:
“Bu isə Tramp administrasiyasının Polşanın Rusiya təhlükəsindən müdafiəsinə dair aydın strategiyasının olmadığını göstərir. Belə bir razılaşmanın olmaması Rusiyanı Polşaya qarşı müharibəyə təhrik edə bilər. Bu məsələ ya ABŞ və Rusiya arasında aparılan strateji əhəmiyyətli danışıqların müzakirə predmetinə çevrilməli və rəsmi Moskva belə bir hücum etməyəcəyinə təminat verməlidir, ya da Prezident Tramp Polşanın müdafiəsinə dair hüquqi öhdəliklər imzalamalıdır”.
İradə Elsevər






