“Tramp TV" istifadəyə verildi

ABŞ Prezidenti Donald Tramp televiziya şəbəkələri ilə yaranan son gərginlik fonunda öz media platformasını istifadəyə verib.
Sfera.az xəbər verir ki, yeni platformada real vaxt rejimində yenilənən məlumatlarla yanaşı, xüsusi videolar, mühüm elanlar və müxtəlif görüntülərin yayımlanacağı bildirilib. “Tramp TV” yayıma başlayarkən Donald Trampın iyulun 3-də Raşmor dağında etdiyi çıxışın arxiv görüntüləri nümayiş etdirilib.
Qeyd edək ki, ABŞ-nin aparıcı televiziya kanalları NBC, ABC, CBS və Fox News Ağ Evdə keçirilən prezident brifinqlərini yayımlamaqdan imtina edib. Bu qərar CNN, Politico və “MS NOW”un Ağ Evin tədbirlərindən kənarlaşdırılmasından sonra qəbul edilib. CNN, Politico və “MS NOW” Vaşinqtonda federal apellyasiya məhkəməsinə müraciət edərək Ağ Evi işıqlandırmaq imkanlarının bərpa olunmasını tələb edib. Bundan əvvəl, şənbə günü Ağ Evin təhlükəsizlik xidməti ABŞ Prezidenti Donald Trampın göstərişi ilə adıçəkilən üç media qurumunun jurnalistlərinin binaya girişinə qadağa qoyub.
Donald Tramp qərarla bağlı özünün sosial media hesabında açıqlama verərək həmin media qurumlarının “saxta xəbərlər” yaydığı üçün kənarlaşdırıldığını bildirib. ABŞ prezidenti həmçinin prezident, administrasiya və ABŞ haqqında, onun sözlərinə görə, əsassız iddiaların və yalan məlumatların davamlı şəkildə yayılmasının qəbuledilməz olduğunu qeyd edib.
Bəsti Rəfizadə






