Çin avtomobilləri Avropada istehsal olunacaq
Çinin elektrik avtomobilləri istehsalçısı BYD Avropadakı mövqelərini gücləndirmək məqsədilə Fransada zavod almağı planlaşdırır.
Sfera.az xəbər verir ki, şirkət Fransanın Mozel departamentində, Almaniya sərhədinə yaxın Hambax şəhərində yerləşən zavodun alınması ilə bağlı Britaniyanın Ineos Automotive şirkəti ilə eksklüziv danışıqlara başlayıb.
1990-cı illərin sonlarında Smart markalı kiçik avtomobillərin istehsalı üçün açılan müəssisə 2020-ci ildən Ineos şirkətinə məxsusdur. Hazırda burada Grenadier markalı yolsuzluq avtomobilləri yığılır. Razılaşmanın yekunlaşması üçün işçilərin nümayəndələri ilə məsləhətləşmələr də aparılmalıdır.
BYD Avropadakı gömrük maneələrini aşmağa çalışır
2025-ci ildə Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobili istehsalçısına çevrilən BYD ötən il bütün mühərrik növləri üzrə 4,6 milyon avtomobil satıb. Şirkət indi istehsalı Avropa bazarına yaxınlaşdırmağa çalışır.
Fransada istehsal müəssisəsinin əldə edilməsi Çindən idxal olunan elektrik avtomobillərinə tətbiq edilən Avropa İttifaqı gömrük rüsumlarının təsirini azaltmağa kömək edə bilər. Eyni zamanda, gələcəkdə qüvvəyə minə biləcək “Avropada istehsal” tələblərinə uyğunlaşmaq baxımından da əhəmiyyət daşıyır.
BYD-nin icraçı vitse-prezidenti Stella Li bildirib ki, şirkət Hambax zavodunun uzunmüddətli fəaliyyətini təmin etmək, mövcud iş yerlərini qorumaq, eləcə də əməkdaşlar və yerli təchizatçılar üçün yeni imkanlar yaratmaq niyyətindədir.
Fransa Prezidenti Emmanuel Makron da bu təşəbbüsü ölkənin xarici investisiyaların cəlb edilməsi siyasətinin nəticəsi kimi qiymətləndirib.
Bununla belə, BYD-nin Fransaya gəlişi yerli avtomobil istehsalçıları üçün ciddi rəqabət yarada bilər. Qiymət və texnologiya baxımından rəqabətədavamlı modellər təklif edən Çin şirkəti Peugeot, Citroën və Renault kimi markaların elektrik avtomobillərinə təzyiqi artıra bilər.
Beləliklə, Fransa yeni investisiya, iş yerləri və sənaye imkanları qazansa da, eyni zamanda öz avtomobil istehsalçıları üçün güclü rəqibə ev sahibliyi etməyə hazırlaşır.
İnci
Sfera.az






